Yubiley sessiyası Azərbaycan üçün əlamətdar nəticələrlə yadda qalıb

Mayın 28-29-da Xorvatiyanın Rovinj şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 100-cü sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Açılış mərasimində iclasın sədri Yamaykanın turizm naziri, ev sahibi Xorvatiyanın turizm naziri, UNWTO-nun baş katibi Taleb Rifai, keçmiş baş katiblər, Turizm Etika Komitəsinin sədri çıxış ediblər.
"Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda sessiyada baş katib Taleb Rifainin beynəlxalq turizmdə mövcud vəziyyət, gələcək meyllər, təşkilatın maliyyə durumu, 2014-2015-ci illər üçün fəaliyyət proqramının icrası və s. məsələlərlə bağlı məruzəsi dinlənilib.
Sessiya Azərbaycan üçün əlamətdar qərarın qəbul olunması ilə də yadda qalıb. İcraiyyə Şurası Azərbaycan Respublikasının təklif etdiyi “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnaməsi ilə bağlı qərar qəbul edib. Xatırladaq ki, ölkəmiz qurumun ötən ilin oktyabrında Səmərqənddə keçirilmiş 99-cu iclasına müvafiq qətnamə layihəsi təqdim etmişdi. Şuranın 100-cü sessiyasında məsələ gündəliyə daxil edilərək müzakirə edilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin təqdim etdiyi sənədin mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb və bildirib ki, sənəd beynəlxalq hüquqa və ölkələrin suveren hüquqlarının qorunmasına, həmçinin Dünya Turizm Təşkilatının qəbul etdiyi Qlobal Turizm Etik Kodeksinin prinsiplərinə əsaslanır. Geniş müzakirələrdən sonra qəbul olunan qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.

* * *
Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra görüşlər də keçirib. UNWTO-nun baş katibi Taleb Rifai ilə görüşdə ölkəmizin təşkilatla əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Nazir UNWTO-nun ölkəmizdə keçirilmiş Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək tərəfdaşlığına görə baş katibə təşəkkürünü bildirib.
Əbülfəs Qarayevin Argentinanın turizm naziri Enrique Meyer ilə görüşündə ikitərəfli turizm əlaqələrinin perspektivləri müzakirə edilib. Azərbaycan və Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Nazir Əbülfəs Qarayev sessiya gedişində İranın vitse-prezidenti, Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının rəhbəri Masud Sultanifar ilə də görüşüb. Söhbət zamanı ikitərəfli əlaqələrdə mədəni irs və turizm sahələrinin əhəmiyyəti müzakirə olunub. Mədəni irs sahəsində oxşar elementlərin UNESCO-ya birgə təklif edilməsi və birgə turizm turlarının təşkil edilməsi təklif edilib.
Turizm sahəsində anlaşma memorandumunun imzalanması üçün İranın vitse-prezidenti Bakıya dəvət olunub. Həmçinin yaxın vaxtlarda İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün hazırlıqlara başlanacağı bildirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar