“Baku Guide” bələdçi kataloqunun iyun sayı I Avropa Oyunlarına həsr olunub

“Avropa Oyunları idman və dostluq bayramıdır. Əminəm ki, bu bayrama gələn xarici qonaqlar, idmançılar, məşqçilər öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin “Baku Guide” bələdçi kataloqunun iyun buraxılışında yer alan müraciətindən götürülüb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq hazırlanan nəşrin “Bakı 2015” I Avropa Oyunları ərəfəsində işıq üzü görən yeni sayı bu möhtəşəm idman bayramına həsr olunub. Kataloqun iyun buraxılışı həm informasiya və materialların zənginliyi, mövzu rəngarəngliyi, həm də nəfis tərtibatına görə xüsusilə seçilir.
“Bakı bütün Avropanı qəbul etməyə hazırdır” başlıqlı yazıda Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu beynəlxalq əhəmiyyətli tədbirlə bağlı fikirləri əks olunub. Yazıda I Avropa Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunur, bu günlərdə paytaxtımıza gələcək qonaqlar üçün geniş və maraqlı mədəni proqram hazırlandığı diqqətə çatdırılır: “Ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər”.
“Bakı 2015” I Avropa Oyunları ilə bağlı hazırlanan mədəniyyət tədbirlərinin proqramı ilə də bələdçi kataloqunda tanış olmaq olar. Nəşrdə paytaxt teatrlarının xüsusi olaraq Avropa Oyunları üçün tərtib etdiyi repertuar, muzeylərin, konsert və sərgi salonlarının iyun ayı üzrə tədbirləri verilib. Kino həvəskarları isə iyun ayı boyunca paytaxtın aparıcı kino nümayişi mərkəzlərində təqdim olunacaq müxtəlif səpkili filmlərin afişası ilə tanış ola biləcəklər. Onları həm dil, həm də mövzu baxımından daha geniş bir repertuar gözləyir.
İlk Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla müsahibədə isə Oyunların son hazırlıq prosesi, bilet satışı, açılış və bağlanış mərasimləri və digər təşkilati məsələlərə toxunulub.
Nəşrdə 18-19 may tarixində Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan söz açılır, paytaxtımızın mədəniyyətlərin qovuşduğu məkana çevrildiyi, “Bakı prosesi”nin uğurla davam etdiyi vurğulanır.
Azərbaycan, ingilis və rus dillərində nəşr edilən bələdçi kataloqunun iyun sayında milli mədəniyyətimizin və tariximizin təbliğinə xüsusi yer ayrılıb. Nəşr turistlər və paytaxtımızın qonaqları üçün maraq doğuracaq informasiyalar, tarix və mədəni irsimiz, incəsənətimiz, milli musiqimiz, Qarabağın sənət xəzinəsi, ölkəmizin geniş turizm potensialı, bölgələrimizin bu sahədə imkanları və s. mövzularda yazılar, təqdimat xarakterli materiallarla zəngindir. “Dünya musiqi xəzinəsində azərbaycanlılar”, “Qarabağ - Azərbaycanın tarix və mədəniyyət beşiyi”, “Bakının memarlıq tarixinə ekskurs”, “Qeyri-maddi mədəni irsimiz UNESCO siyahılarında”, “Bakıdan yeddi səmtə turizm yolları”, “Azərbaycanın şəfalı bölgələri - sağlamlıq turizmi”, “Azərbaycanda palçıq vulkanları - təbiətin möcüzəsi” və s. başlıqlı məqalələr bu qəbildəndir. “Azərbaycan mətbəxi” rubrikasında isə şəhərimizin qonaqları dadmalı olduqları 10 təamı kəşf edəcəklər.
Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar