Azərbaycandan Monteneqroya ilk çarter uçuşu iyunun 25-də həyata keçiriləcək. Bu barədə qəzetimizə məlumat verən Monteneqronun ölkəmizdəki fəxri konsulu Vüqar Əliyev bildirdi ki, artıq 4-cü ildir ki, iki ölkə arasında reyslər həyata keçirilir. Bu il sentyabrın 3-dək 17 reys nəzərdə tutulur. Uçuşlar əvvəlcə həftədə bir dəfə, sonra həftədə iki dəfə təşkil ediləcək. 2 minədək azərbaycanlı turistin Monteneqroya səfəri planlaşdırılır.
Fəxri konsulun sözlərinə görə, Monteneqro hökuməti Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. Vətəndaşlarımız vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və orada yaşaya bilərlər: «Azərbaycanlıların Monteneqroya maraqları ildən-ilə artır. 2014-cü ildə Azərbaycandan bu ölkəyə 1600-ə yaxın turist səfər edib. Onu da qeyd edim ki, artıq monteneqrolu turistlər də bizim ölkəmizə maraq göstərməyə başlayıblar. Ötən il bu ölkədən Azərbaycana turist kimi 200-ə yaxın insan gəlib. Bu, Azərbaycanla Monteneqro arasında yüksək səviyyədə münasibətlərin qurulmasının nəticəsidir. Ötən il Monteneqronun baş naziri, turizm və davamlı inkişaf naziri, parlament sədri, iqtisadiyyat naziri Azərbaycana səfər etdi. Monteneqro hökuməti Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən də turizm sahəsində əməkdaşlıqda çox maraqlıdır. Monteneqronun baş naziri Milo Cukanoviçin Azərbaycana rəsmi səfəri zamanı bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu. Monteneqro tərəfi gələcəkdə bütün il boyu Azərbaycanla birbaşa uçuşların həyata keçirilməsi arzusundadır. Hazırda iki ölkə arasında hava nəqliyyatı haqqında sazişin imzalanması gündəmdədir”.
Vüqar Əliyev onu da bildirdi ki, Monteneqrodan Albaniya, Xorvatiya kimi qonşu ölkələrə vizasız rejim var. Xorvatiya ötən ildən Şengen zonasına daxil olduğu üçün Monteneqroya gedənlər bu ölkələrə də səfər edə bilirlər.
Fəxriyyə Abdullayeva