İyunun 22-si poeziyamızın həmişəyaşıl şairi Eldar Baxışın 65 yaşı tamam olur
   
   Eldar Baxış bütün varlığı ilə axtardığı bütöv azadlığı son mənzilində tapdı. “İstərdim ki, mənim qəbrim mənim şeirim olsun”, - dedi Eldar Baxış. Bir də vəsiyyət etdi ki, başdaşıma “Azadlıq” sözünü yazarsınız. Belə də oldu...
   
   Fil dartıb dağıdır, aslan dağıdır,
   Qarışqa üzülə-üzülə gedir.
   Aslanın bir günə getdiyi yolu
   Qara qarışqalar yüz ilə gedir.

   
   Başqalarının yüz ilə getdiyi yolu o, 49 ilə başa vurdu. Təpədən dırnağacan şair olan Eldar Baxışın özündən sonra bitib-tükənməyən söz ömrü başladı. Necə ki, illər öncə Əkrəm Əylisli onun barəsində yazırdı: “Eldar Baxışın şeirləri öz başlanğıcını Azərbaycan şeirinin başlandığı yerdən götürür, mayasını ordan tutub gəlir”.
   Xalq şairi Bəxtiyar Vahabzadə isə “XXI əsr Eldar Baxış əsri olacaq”, - deyirdi.
   Eldar Baxış keçən əsrdə doğulub - 1947-ci il iyunun 22-də Qubadlı rayonunun Diləli Müskanlı kəndində. On yaşında atasını itirsə də, yetimliyin acısını dada-dada, yıxıla-yıxıla, dura-dura Eldar bu dünyanı, bu dünyanın insanlarını, kədərini və sevincini heç kimin sevməyəcəyi qədər sevdi. Orta məktəbi, daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirdi. Böyük ürəyini əvvəl balacalara açdı. Azərbaycan radiosunda “Sandıqca”, “Yaşıl yarpaq”, “Tumurcuq” uşaq verilişlərini yaratdı. “İydə çiçəyi”, “Allı qız, ballı qız, xallı qız”, “Qara ilə Qaracanın nağılı” kitabları çap olundu. Böyükləri də yaddan çıxarmadı Eldar Baxış:
    ...Yazıq insan, yetim insan
   bəlkə duyur elə,
   duyur ki, bu dünyaya
   gəldiyi gündən
   duyur ki, bu dünya
   gidi dünyadır -
   yaşamağı ölməyindən,
   ölməyi yaşamağından gözəl.

   O, şairlik yükünü ləyaqətlə daşıyan şairlərdən idi.
   Anam deyir ki,
   Allah hamının Allahıdır, -
   Yaxşının, pisin,
   Əyrinin, düzün,
   Namərdin, mərdin...
   ...Allah hamının Allahıdır,
   Ancaq mən
   Hamının şairi ola bilmərəm, ana!

   
   “Mənə görə sözü qıpıq olunca, gözü qıpıq olmaq yaxşıdır” - deyən Eldar Baxış hamının şairi ola bilməsə də, AZADLIQ şairi oldu.
   Milli mənliyimizin beşiyi başında məğrur dayanan ziyalılarımızdan olan Eldar Baxış 70 il qolumuzu bağlayan əsarət zəncirlərinə baxıb şeirləri ilə üsyan edirdi. Kölə insan ömründənsə, özünə qara balıq ömrü arzulayırdı.
    Sən məni bir qara adam kimi yox,
    Qara balıq kimi öldür dünyada.
   Eldar Baxış qəlbini, düşüncələrini, arzularını şeirlərinə köçürürdü:
   
   Bu dünyanın sevincini götürün,
   Dərdinə dəyməyin, dərdi mənimdir.
   Şairin bir-birinin ardınca “Ağ saçların işığı”, “Deyə bilmədiyim sözlər” kitabları işıq üzü gördü. “Ölüsücə ərəbcə, dirisicə rusca” lətifə kitabı isə Eldar Baxışın gülüş içində həqiqətləri idi.
   Nə yazıq ki, həqiqətlərin hamısı deyildi. Külək kimi, su kimi azad olan Eldar Baxışın da “Deyə bilmədiyi sözlər”i vardı.
   ...Siz ey ürəyimin başında
   dolaşan sözlər,
   ürəyimin qanına bulaşan sözlər,
   ağı deyib, ağlaşan sözlər,
   bəsdi ağladınız,
   bəsdi sızladınız,
   sizin gözünüzün yaşı
   mənim gözümün yaşıdır,
   sizin başınızın daşı
   mənim başımın daşıdır.
   
   O, poeziyamızın həmişəyaşıl Eldar şamıdır. 70 yaşını da qeyd edəcəyik, 80-ni də, 100-ü də... Amma o, həmişə 49 yaşından boylanacaq dünyaya. Boylanacaq ki, görsün, azadlığın zərif qanadları Yer üzündə dolaşırmı, insanlar azadlıqda doyunca nəfəs alırmı, bir şair hücrəsinə çəkilib azad qələmi ilə ağ vərəq üstündə azad duyğularını şumlayırmı? “Mənə yarımçıq AZADLIQ verincə BÜTÖV ölüm ver” - deyən şairin azadlıq arzuları hər qəlbdə, hər könüldə cücəribmi?
   Eldar Baxış həyatı boyu heç kimdən, heç nədən zərrəcə də olsa qorxub-çəkinmədən yazdı. Duyduqlarını, düşündüklərini, istədiklərini kağıza, suya, havaya, qəlbə, duyğuya, könülə, ruha yazdı.
    Azadlıq dediyin ayrı şeydi -
    Göyün quşuna toxunsa,
    Göyün quşu sevinər,
    Yerin daşına toxunsa,
    Yerin daşı sevinər,
    Gözün yaşına toxunsa,
    Gözün yaşı sevinər...
   

   Təranə Vahid