Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Günel Teymurova, Araz Osmanov, Fuad Cabbarov və Sənubər Qənbərova Çin Xalq Respublikasının Harbin şəhərində «Avrasiya ölkələrində turizm sahəsində inkişaf və idarəetmə» mövzusunda keçirilən seminarda iştirak ediblər. Seminara Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan da mütəxəssislər qatılıb.
Mayın 30-dan iyunun 18-dək davam edən tədbirdə «Turizm biznesində informasiya menecmenti», «Turizm sənayesində e-kommersiya», «Estetik baxımdan turizmin dəyəri», «Çin mətbəx mədəniyyəti», «Turizm sənayesinin inkişafı və dövlət siyasəti», «Turzim biznesində marketinq», «Beynəlxalq turizm sənayesinin vəziyyəti və inkişaf tendensiyası» və s. mövzuda mühazirələr dinlənilib.
İştirakçılar Pekin və Dalyan şəhərinə də səfər edərək ölkənin tarixi yerləri və və abidələri ilə tanış olublar. Seminarın yekununda iştirakçılara Harbin Kommersiya Universitetinin sertifikatı verilib.

Fəxriyyə