Tur iştirakçıları təəssüratlarını qəzetimizlə bölüşdülər

Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlər idman yarışlarını izləməklə yanaşı, paytaxt Bakını və yaxın ərazilərdə yerləşən turistik məkanları gəzmək fürsətindən də yararlanırlar.

Qonaqlarımızın Bakıda daha çox hansı məkanlara üz tutduğunu və təəssüratlarını öyrənmək üçün istirahət günü biz də şəhər gəzintisinə çıxdıq. Gəzintimizi şəhər turları «City Sightseeing Baku»nun avtobuslarından birində reallaşdırdıq.
Qeyd edək ki, «City Sightseeing Baku» dünyanın bir çox şəhərlərində fəaliyyət göstərən «City Sightseeing Worldwide» şirkətinin Azərbaycandakı nümayəndəliyidir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ilin aprelindən fəaliyyətə başlayan şirkətin məqsədi Bakı şəhərinin mədəni irsinin və turizm imkanlarının təbliğidir. Şəhər turları gündə bir neçə dəfə 45 dəqiqə intervalla təşkil edilir. MAN markalı avtobuslar ekskursiya məlumatlarının 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndirilməsi üçün xüsusi avadanlıqla təchiz olunub. «City Sightseeing Baku» avtobuslarının marşrutu Azadlıq meydanından başlayan 16-cı dayanacaqdan keçir. Yay mövsümündə avtobuslar səhər saat 11.00-dan axşam saat 22.00-dək hərəkət edir və hər dayanacaqda 2-3 dəqiqə dayanır.
Turlar 3 avtobus vasitəsilə həyata keçirilir. Əcnəbilər Bakı şəhərini bu komfortlu avtobuslarda gəzmək üçün 20 manat ödəməlidir. Yeli vətəndaşlar üçün biletlər 10 manat, 16 yaşına qədər uşaqlar, təqaüdçülər, tələbələr üçün 5 manat, 6 yaşa qədər uşaqlar, əlil insanlar, mətbuat işçiləri, hotel əməkdaşları və turizm şirkətlərinin nümayəndələri üçün pulsuzdur.

Azərbaycanın cəlbedici xüsusiyyətləri var

Jurnalist vəsiqəsi və Avropa Oyunlarına akkreditasiya kartı ilə avtobusa biletsiz daxil olub əyləşirəm. Diqqətimi bir-biri ilə söhbət edən turist cəlb edir. Yaxınlaşıb jurnalist olduğumu bildirir və Azərbaycanla bağlı təəssüratlarını bölüşmələrini xahiş edirəm. Müsahiblərim özlərini təqdim edirlər. Laurent Bony və Antonio Alves Rosa Böyük Britaniyadan gəliblər. Bu ölkənin Avropa Oyunlarında iştirak edən heyətinin üzvləridir. Dediklərinə görə, yarışların qrafiki sıx olduğu üçün hələ Bakını tam gəzmək fürsətləri olmayıb. Elə bu avtobus turunda iştirak etməkdə əsas məqsədləri də Azərbaycan paytaxtı ilə tanış olmaqdır.
Təəssüratlara gəldikdə, dostlar öz aralarında danışıb Antonio Alves Rosanın fikir bildirməsini uyğun hesab edirlər. Dünyanın bir çox ölkələrində, o cümlədən Fransa, Portuqaliya, Avstriya, ABŞ, Yaponiyada olan həmsöhbətimiz deyir ki, Azərbaycanın da xarici turistləri cəlb edən xüsusiyyətləri var: «Əvvəla, deyim ki, bura gələnə qədər belə yüksək şəraitlə qarşılaşacağımı düşünmürdüm. Çünki ölkəniz haqqında elə də geniş təsəvvürüm yox idi. Qaldığımız Atletlər kəndində hər şey normaldır. Şəhərdə bir neçə yerdə nahar etmişik. Milli mətbəxiniz, xüsusilə də dolma (təsvirindən badımcan, bibər, pomidor dolmasını dediyini anlayıram), bir də qutab çox xoşuma gəldi. Hələ ki burdayıq, güman edirəm daha çox yerlərə getmək imkanımız olacaq».
Britaniyalı qonaqlar İçərişəhərdə düşəcəklərini deyirlər. Onlar bu qədim məkan haqqında çox eşitdiklərini, indi də onu gözləri ilə görmək istədiklərini bildirirlər.

“İçərişəhəri və bulvarı daha çox sevdik”

«City Sightseeing Baku» avtobusunda yol yoldaşı olduğumuz digər qonaqlar Slovakiyadan gəlmiş Mişal Gogola, Lucicı Vuzan-Valoçka və Miroslav Gogoladır. Ölkələrinin su polosu üzrə komandasının üzvləridirlər. Həmin gün oyunları olmadığına görə Bakı ilə tanış olmaq fürsəti əldə etmişdilər. Avtobusa «Azneft» meydanından mindiklərini deyən qonaqlar paytaxtımızın onlarda bir Avropa şəhəri təsəvvürü formalaşdırdığını söylədilər.
Miroslav Gogola: «Dünən İçərişəhərə getmişdik. Məncə, bu yer ölkənizin nə qədər qədim tarixə malik olduğunun ən böyük sübutudur. Burada hər binanın, tikilinin tarixi haqqında məlumat öyrənmək istəyirdik. Çünki şəhər bizdə gözəl təəssürat yaratmışdı. İçərişəhərdə bir restoranda nahar etdik. Çox ləzzətli yeməklər təqdim edirdilər».
Lucicı Vuzan-Valoçka: «Mənim dənizkənarı bulvar daha çox xoşuma gəldi. Bulvar həm böyükdür, həm də təmizdir. «Park Bulvar» alış-veriş mərkəzində də olmuşuq. Düzünü desəm, Slovakiya ilə müqayisədə sizdə geyim bahadır. Amma ümumilikdə götürdükdə Bakıda darıxmaq mümkün deyil, çünki əyləncə məkanları və gəzməli yerlər çoxdur. Oyunlardan və məşqlərdən imkan olduqca şəhərinizlə tanış olmağa çalışırıq».

“İnsan vətəni haqqında belə xoş sözlər eşidəndə çox qürurlanır”

Gözümüz bir tərəfdə sakitcə oturub bizi maraqla izləyən soydaşımıza sataşır. Yaxınlaşıb onunla da həmsöhbət oluruq. Səlim Məhərrəmov həkim olduğunu, Şirvandan boks yarışlarını izləmək üçün gəldiyini deyir: «Bakıda tələbəlik illərində yaşamışam. Bu şəhərin hər qarışı mənim üçün əziz bir xatirədir. İşimlə əlaqədar Bakıya tez-tez gəlirəm və hər gəlişimdə də bir yenilik görürəm. Yarışlar axşam 8-də «Kristall Hall»da başlayacaq. Ona görə vaxtımı keçirmək üçün bu avtobusla şəhəri gəzmək qərarına gəldim. Bayaqdan xaricilərin sizinlə söhbətinə qulaq asıram. İnsan vətəni haqqında belə xoş sözlər eşidəndə çox qürurlanır».
Avtobus Muzey Mərkəzinə yaxınlaşdıqda biz də düşməyə hazırlaşırıq. Artıq avtobusda tək-tük sərnişin qalmışdı. Dayanacaqda isə bir neçə xarici turist və Avropa Oyunları könüllüləri avtobusu gözləyirdi.

* * *
Müşahidələrimizə əsasən deyə bilərik ki, «City Sightseeing Baku» avtobuslarına Qız qalası, «İçərişəhər» metro stansiyası və Kukla Teatrı yaxınlığındakı dayanacaqlardan daha çox sərnişin minirdi, elə bu məkanlarda düşənlər də çox olurdu.
Şirkətin baş direktoru Əfsun Əhmədovun sözlərinə görə, avtobuslar gün ərzində 100-dən artıq insana xidmət göstərir ki, onların da əksəriyyəti xarici turistlər olur. Şirkət rəhbəri Bakıdakı hotellərlə yaxından əməkdaşlıq etdiklərini, şəhər turlarına bilet satışının mehmanxanalarda da reallaşdırıldığını dedi.

Fəxriyyə Abdullayeva