Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu iyulun 6-da media nümayəndələri üçün brifinq təşkil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək brifinqin əsas məqsədi media nümayəndələrini qurumun fəaliyyəti ilə yaxından tanış etmək, Konqreslər Bürosu ilə Görüşlər Sənayesinin əməkdaşlığının mahiyyəti və nəticələri barədə məlumatlandırmaqdır.
2013-cü ilin sonlarında fəaliyyətə başlayan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. işlər daxildir. Büronun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqını yaratmaq və inkişaf etdirməkdir.