Müqəddəs Ramazan ayı yarı olub. İslam aləmində bu müqəddəs ayda inanclı insanlar savab işlərinin sayını artırır, imkanlılar kasıblara əl tutur. Müsəlman ölkələrinin turizm sektorunda da Ramazan ayı münasibətilə ənənəvi olaraq güzəştli proqramlar, endirimli qiymətlər təklif olunur. Türkiyə mətbuatının yazdığına görə, artıq bir neçə ildir Ramazan ayının yay turizm mövsümünə təsadüf etməsi səbəbindən hotellər qiymətlərdə əhəmiyyətli dərəcədə endirim edir. Bəzi hotellərdə qiymətlərdə 50%-dək endirimlər edilib.
Azərbaycanda da Ramazan ayında hotellər müxtəlif aksiyalar təşkil edirlər. Paytaxtın mərkəzində yerləşən «New Baku Hotel» Ramazan ayında oruc tutan müştərilərini iftar süfrəsinə dəvət edir. Ötən il olduğu kimi, bu il də hoteldə Ramazan ayı başlayandan münasib qiymətə iftar süfrəsi təşkil edilir. Hotelin baş meneceri Ceyhun Aşurovun sözlərinə görə, Ramazan ayı müddətində menyuda 20 faiz endirim edilib. İftar süfrəsi isə əvvəlcədən sifariş verənlər üçün hazırlanır. Qiymətlər 15 manatadəkdir. Hər gün müxtəlif təşkilatlar, idarə və müəssisələr tərəfindən sifariş alınır. Ay ərzində bir neçə dəfə pulsuz iftar süfrəsi də açılır. Hoteldə qalan qonaqlara da oruc tutmaları üçün şərait yaradılır. Oruc tutan qonaqlara Ramazan ayı boyunca sahur və iftar yeməkləri pulsuz verilir.
Bakının ən dəbdəbəli hotellərindən olan «Jumeirah Beach Hotel» də Ramazan ayında qonaqlar üçün xüsusi iftar menyusu hazırlayıb. İftar süfrəsinin qiyməti adambaşına 45 manatadək təşkil edir. Daha bir brend hotel - «Kempinski Badamdar» da Ramazan ayı münasibətilə xüsusi menyu seçimi ilə yay terrasında iftar süfrəsi təşkil edir. Birnəfərlik qiymət 30 manatdan başlayır.
Nabranda yerləşən «Caspian Sea Resort» hoteli və istirahət mərkəzi də Ramazan ayında bir sıra kampaniyalar həyata keçirir. Hoteldən aldığımız məlumata görə, həm otaqların, həm də yeməklərin qiymətlərində endirimlər edilir. İyunun 15-dən iyulun 15-dək «Caspian Sea Resort»da 7 gün / 6 gecə dincəlmək iki nəfər üçün 500 manata başa gəlir. Bu qiymətə beşulduzlu hoteldə qonaqlama, gündə 3 dəfə qidalanma (İsveç masası), fitnes, sauna, hovuz, çimərlik, velosipedlər, bilyard, oyun meydançalarından istifadə və s. daxildir. Ramazan bayramı günlərində isə istirahət mərkəzində əyləncəli tədbirlər keçiriləcək.

Fəxriyyə Abdullayeva