Hotel və kurort idarəçiliyi sahəsində ixtisaslaşan “Absheron Hotel Group”a daxil olan “Intourist Hotel Baku” Azərbaycanda təhsil alan tələbələr üçün təcrübə proqramı təşkil edir.
Mehmanxanadan verilən məlumata görə, proqramın məqsədi gənc kadrların qonaqpərvərlik və turizm sektoru haqqında daha aydın anlayışa malik olmasını təmin etməkdir. Proqram təhsilini davam etdirən və ya yenicə bitirmiş tələbələrə mehmanxananın hər bir şöbəsində təcrübə keçməklə qonaqpərvərlik və turizm sahələrində karyera qurmağın yollarını öyrədəcək. Kursu uğurla başa vuran tələbələr “İnturist”də, həmçinin “Absheron Hotel Group”un digər mehmanxanalarında vakant yer olduğu halda işlə təmin edilə bilərlər.
“İnturist” mehmanxanasının baş direktoru Marko Rabbia bildirib ki, təcrübə proqramı uzunmüddətli olacaq və biz mütəmadi şəkildə müəyyən tədris müəssisələri ilə danışıqlar aparıb tələbələri bu proqrama cəlb edəcəyik. Təcrübə proqramının minimal müddəti dörd həftədir.
Qeyd edək ki, kadrların hazırlığını diqqət mərkəzində saxlayan “Absheron Hotel Group” Təhsil Nazirliyi ilə birgə 5 nömrəli Bakı Peşə Liseyində qonaqpərvərlik sahəsində praktik bacarıqların inkişaf etdirilməsinə dair qeyri-akademik təlim proqramı təsis edib. “Intourist Hotel Baku”nun təcrübə proqramı bu tədbirlərin davamıdır.
Fəxriyyə Abdullayeva