Rektor Cəfər Cəfərov: «Universitetimizin xidmət sektoruna kadr hazırlayan ali məktəb kimi şaxələnməsi nəzərdə tutulur»

Azərbaycanda yüksək ixtisaslı turizm kadrları hazırlayan ali təhsil müəssisəsi kimi bu sahədə xüsusi yeri olan və 2014-cü ilin dekabrında ölkə Prezidentinin sərəncamı ilə yeni status alan Turizm və Menecment Universiteti növbəti məzun buraxılışı mərasiminə hazırlaşır. Bu ərəfədə təhsil ocağının rektoru, professor Cəfər Cəfərovla görüşüb dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və tədrisdəki yeniliklər barədə söhbət etdik. Öncə isə həmsöhbətimdən bir mütəxəssis kimi bugünlərdə Bakıda keçirilən ilk Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti, turizm sektoruna təsiri barədə mülahizələrini bölüşməsini xahiş etdik:

- Əvvəlcə onu qeyd edim ki, belə genişmiqyaslı bir tədbiri iki il yarım ərzində təşkil etmək çox böyük məsuliyyətli iş idi. Azərbaycan bu məsuliyyətin öhdəsindən gələ bildi. Avropa Oyunlarının yekunlarına əsasən demək olar ki, Azərbaycan bu sahədə dünyaya yeni standartlar təqdim etdi. Eyni zamanda bu tədbirin keçirilməsinin müsbət tərəfi ondan ibarət oldu ki, dünya bir daha Azərbaycanı tanıdı, özü üçün kəşf etdi. Digər tərəfdən, çox gözəl və müasir tələblərə cavab verən infrastruktur yaradıldı. Avropa Oyunlarının keçirildiyi arenalar bundan sonra yeni beynəlxalq yarışları qəbul edəcək. Bundan sonra böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanımız var. Təbii ki, bununla da ölkəmizdə konqres turizminin, işgüzar turizmin inkişafına əlavə zəmin yaranmış olur.
Bununla yanaşı, Avropa Oyunlarına könüllü olaraq qatılan minlərlə azərbaycanlı gənc bu cür dünya səviyyəli tədbirdə özləri üçün gözəl təcrübə qazandılar. Təkcə bizim universitetdən 700-ə yaxın tələbə könüllü olaraq bu tədbirə cəlb edilmişdi. Eləcə də digər təhsil müəssisələrindən çoxlu tələbə Oyunlarda iştirak etdi.
Azərbaycan öz mədəniyyətini, qonaqpərvərliyini Avropaya, dünyaya bir daha nümayiş etdirdi və bu cür yüksək səviyyəli tədbirləri keçirməyə qadir olduğunu göstərdi. Fikrimcə, bu, uğurlu bir tarixi hadisədir. Azərbaycan Avropanın bir parçası olduğunu bir daha sübuta yetirmiş oldu.

- Sizcə, Avropa Oyunları Azərbaycanda turizmin inkişafına hansı töhfəni verəcək?
- Oyunlarla bağlı ölkəmizə minlərlə xarici ölkə vətəndaşı gəldi. Bunların arasında idmançılar, onların məşqçiləri, digər qonaqlarla yanaşı, məxsusi olaraq yarışları izləmək məqsədilə gələn turistlər də vardı. Onlar Bakını tanıdılar, Azərbaycanın mədəniyyəti, mətbəxi haqqında təsəvvürə malik oldular. Oyunlar bir neçə gündür başa çatıb, amma bir çox qonaqlar var ki, bölgələrimizdə səfərdədir. Bir var hansısa bir ölkə haqqında reklam çarxlarından, nəşrlərdən məlumat alasan, biri də var öz gözlərinlə görəsən. Hesab edirəm ki, turizmə töhfəsi baxımından bu tədbirin əhəmiyyətini biz bir neçə il sonra daha yaxşı hiss edəcəyik.

- Ötən ilin sonunda Azərbaycan Turizm İnstitutunun bazasında Turizm və Menecment Universiteti yaradıldı. Bir neçə gündən sonra tədris ocağının universitet olaraq ilk məzun buraxılışıdır. Onlara təqdim edəcəyiniz diplom əvvəlki illərdən fərqli olaraq builki məzunlara sektorda çalışarkən hansısa əlavə üstünlük verəcəkmi?
- Hər ikisi bakalavr diplomudur. Azərbaycan Turizm İnstitutu universitetə çevriləndən sonra tələbələrin hazırlıq səviyyəsində, onun bir mütəxəssis kimi yetişməsində nə isə dəyişib demək doğru olmazdı. Təhsil həmin təhsildir. Sadəcə, diplom universitet adından veriləcək. Bunun da üstünlüyü odur ki, artıq məzunlarımız nəinki bir turizm mütəxəssisi kimi, həm də menecer kimi bu sektora təqdim olunur. Məzunlar üçün də yəqin bir mənəvi üstünlük də var ki, onlar artıq universitet məzunlarıdır. Amma hüquqi baxımdan diplomlar arasında xüsusi bir fərq yoxdur.

- İnstitutdan universitetə çevrilmək sizə bir ali təhsil ocağı olaraq hansı imkanları verəcək?
- Universitet geniş profilli kadr hazırlayan ali təhsil müəssisəsi tipidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədəki institut, universitet və yaxud akademiya eyni statusa malik ali təhsil ocaqlarıdır. Düzdür, sovet dövründə və dünyada bu ayrılma var. Dünya miqyasına çıxarkən Azərbaycan Turizm İnstitutu deyəndə tam anlamırdılar, çoxları bunu bir ixtisasartırma müəssisəsi kimi və yaxud hansısa universitetin nəzdində bir institut kimi başa düşürdülər. Amma Turizm və Menecment Universiteti deyəndə artıq yalnız turizm sahəsində yox, menecment sahəsində də geniş profilli kadr hazırlığı həyata keçirən ali məktəb başa düşülür. Bu, özündə təkcə tədrisi, kadr hazırlığını yox, həm də ciddi, fundamental tətbiqi elmi tədqiqatları nəzərdə tutur.
ATMU-nun elmi şurasının ilk iclasında biz universitetin hədəflərini müəyyənləşdirdik. Əsas hədəflərimizdən biri olaraq ayrı-ayrı sahələr üzrə menecer kadrların hazırlanması bizim qarşımıza vəzifə kimi qoyulub. Bura ilk növbədə mədəniyyət, təhsil, səhiyyə, idman, tədbirlər sahəsində menecerlərin hazırlanması daxildir. Amma gələcəkdə mühəndislik, dizayn, reklam, standartlaşdırma, qida və nəqliyyatın ayrı-ayrı sahələri kimi daha geniş profilə çıxmağı planlaşdırırıq. Ümumiyyətlə, ATMU-nun xidmət sektoruna kadr hazırlayan bir ali məktəb kimi şaxələnməsi nəzərdə tutulur. Bu da təbii ki, bizim maddi-texniki bazamızdan çox asılı olacaq.
Üzərimizə düşən ikinci böyük vəzifə universitet olduğumuza görə burada bir elmi məktəbin formalaşdırılması, fundamental tətbiqi tədqiqatların, sənayenin, özəl sektorun idarəçiliyi, həm də turizm sektorunun gələcəyi, inkişaf istiqamətləri ilə bağlı elmi araşdırmaların aparılmasıdır. Bu istiqamətdə işlərimiz hazırda da aparılır. Amma bundan sonra biz daha mühüm nəticələr əldə etmək üçün bu məsələni ciddi nəzarətdə saxlayacağıq.

- Azərbaycan Turizm İnstitutu yeni yarandıqda 2008-2016-cı illəri əhatə edən 10 illik inkişaf strategiyası qəbul etmişdiniz. Artıq gələn il bu müddət sona çatır. Bu sənəddə nəzərdə tutulanları həyata keçirə bildinizmi?
- Turizm İnstitutu olaraq Azərbaycanda bir çox ilklərə imza atmışdıq. Bunlardan biri də ölkədə özünün strateji planını hazırlayan ilk ali məktəb olmağımızdır. Bu strategiya hazırlananda bizdə cəmi 5 bakalavr ixtisası, bir fakültə, təxminən 4-5 kafedra var idi. Sənəddə qeyd olunan məsələlərin böyük əksəriyyətinə nail olmuşuq. Burada inkişafla bağlı nəzərdə tutulan bəndlərdən biri də Turizmin İnstitutunun inkişaf edərək xidmət sahəsində aparıcı bir universitetə çevrilməsi idi. Həmin bənd də ötən ilin dekabrında ölkə Prezidentinin təşəbbüsü sayəsində, ATMU-nun yaranması ilə reallaşdı. Strategiyada qeyd olunan məsələlərdən təhsilin bütün pillələrinin əhatə olunması, təlimlər, tədqiqatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq, ikili diplom, istehsalat təcrübəsinin sənaye ilə birlikdə tətbiqi, karyera mərkəzinin qurulması, elmi-tədqiqat jurnalının nəşri və s. artıq həyata keçib. Bizim orada qeyd etdiyimiz və bu günə qədər reallaşdırmadığımız bir məsələ qalıb ki, bu da Turizm və Menecment Universitetinin akademik şəhərciyinin yaradılmasıdır. Bu məsələ də ölkə başçısının ATMU-nun yaradılması barədə sərəncamında öz əksini tapıb. Etiraf edim ki, bu bizim ən böyük arzumuzdur. Çünki dünyada tanınmaq istəyən ali məktəb öz tədris-istehsalat sahəsi kimi şəhərciyi olan bir müəssisə olmalıdır. Ali məktəbin tələbə kampusu, laboratoriyaları, təlim bazası olmadan bu işi müasir dövrün beynəlxalq standartlarına uyğun aparması çox çətindir. Əminliklə demək istəyirəm ki, 2016-cı ildə bizim strategiyanın vaxtı bitəndə akademik şəhərciklə bağlı bir qərar da ortada olacaq. Gələcəkdə ATMU Azərbaycan təhsil məkanında elə bir universitet olacaq ki, o, Avropa və inkişaf etmiş dünya ölkələrinin universitetləri kimi, həm maddi-texniki baza, həm akademik şəhərcik, həm də işin təşkili baxımından bütün tələblərə cavab verəcək. O zaman universitetimiz nəinki Azərbaycanın ehtiyaclarını, regionun, Mərkəzi Asiyanın, Orta Şərqin ayrı-ayrı ölkələrindən tələbələrin gəlib oxuya biləcəyi bir ali məktəbə çevriləcək. ATMU-nun ilk elmi şurasının qərarlarından biri də universitetin «Azərbaycan 2020» inkişaf konsepsiyasını hazırlamaqdır. Biz mövcud sənədin əsasında yeni sənədi hazırlayırıq.

- Bu il ATMU-nun neçə məzunu diplom ala bildi?
- Universitet olana qədər cəmi məzunlarımızın sayı 1071 nəfər olub. Bunlardan 1031 nəfəri bakalavr, 40 nəfəri isə magistr idi. Bu yay buraxılış imtahanları nəticəsində universitetimizi 212 nəfər bakalavr, 30 nəfər magistr dərəcəsində bitirir ki, bununla da ümumi məzunlarımızın sayı 1314 nəfər oldu. Onlardan 71 nəfəri magistr, 1243 nəfəri bakalavrdır. Həm bu, həm də ötən dövlət imtahanlarında uğur qazana bilməyən tələbələrimiz də var ki, onların hələ diplom almaq şansları qalır. Bu ilin dekabrında və ya gələn il iyunda təkrar dövlət imtahanı verib bu tələbələr də məzun ola bilərlər. Bu il ATMU-nun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin də məzunları oldu. Onların sayı 300-ə yaxındır.

- Avstriyanın Krems Universiteti ilə ikili diplom proqramınız var. Bu qrupda neçə nəfər məzun olacaq?
- İkili diplom proqramında təhsil alan tələbələrimizin imtahanları 7-8 iyul tarixlərində keçiriləcək. Bu imtahanlar beynəlxalq imtahan komissiyasının iştirakı ilə baş tutur. Onların dəqiq sayı iyulun 8-də məlum olacaq. İmtahana 20-dən çox bakalavr girəcək. Müvəffəqiyyət qazananlar iyulun 8-də keçirilən məzun törənimizdə diplomlarını alacaqlar.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar