Paytaxtımızda səfərdə olan Rusiya turizm şirkətlərinin nümayəndələri təəssüratlarını qəzetimizlə bölüşdülər
İyulun 2-dən 5-dək Azərbaycanın «Millennium Tourism & Congress» və Rusiyanın «VİP Korpereyt Trevel» şirkətlərinin birgə təşkilatçılığı ilə qonşu ölkənin turizm şirkətləri nümayəndələrindən ibarət qrup üçün infotur təşkil edilib.
İyulun 3-də İçərişəhərdə tanınmış rəssam Əli Şəmsinin emalatxanasında olan qonaqlarla görüşüb səfər təəssüratlarını öyrəndik.
Əvvəlcə «Millennium Tourism & Congress»in baş direktoru Ruslan Quliyev infoturun məqsədi haqqında məlumat verərək bildirdi ki, bu səfərin həyata keçirilməsi üçün Rusiyanın «VİP Korpereyt Trevel» şirkəti ilə xeyli vaxtdır danışıqlar aparılırdı. İnfoturda yalnız Moskvada fəaliyyət göstərən şirkətlər iştirak edir: «VİP Korpereyt Trevel» müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə birgə beynəlxalq və region səviyyəli tədbirlər təşkil edirlər. Bu səfəri təşkil etməkdə əsas məqsədimiz də həmin şirkətlərin Azərbaycanın bu baxımdan infrastrukturu ilə tanış ola bilməsidir. Nəticə olaraq gələcəkdə yüksək səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsinə nail olmaq istəyirik”.
Qeyd olundu ki, qonaqların səfər proqramı və Bakı şəhəri ilə üzrə gəzintisi də onların öz istəyinə uyğun təşkil edilib: “Proqram ənənəvi turist səfərlərindən fərqlidir. Onları Azərbaycanda modanın inkişaf tarixindən mətbəximizə, mədəniyyətimizə, incəsənətimizə qədər hər bir şey maraqlandırır. Azərbaycanda modanın inkişafı, hazırkı vəziyyəti ilə bağlı bir mühazirə dinləmək istədiklərini xahiş etdilər. Məşhur modelyer Fəxriyyə Xələfova ilə görüşlərini təşkil etdik. Bundan başqa, proqramda Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi ilə tanışlıq da yer alıb. Biz turizm şirkəti olaraq belə infoturların təşkilində çox maraqlıyıq. Hazırda Azərbaycanda konqres turizminin inkişafı üçün çox böyük imkanlar yaranıb, infrastruktur qurulub. Hesab edirəm ki, belə səfərləri təşkil etməklə ölkəmizin imkanlarını tanıtmış oluruq».
«VİP Korpereyt Trevel» şirkətinin satış üzrə direktoru Mariya Rıjkova qeyd etdi ki, Bakı son vaxtlar bütün dünyada yüksək səviyyəli tədbirlərin keçirildiyi məkan kimi tanınır: «Bu baxımdan şəhəriniz bizi çox cəlb edir. Səfərimizdə əsas məqsəd Bakının bu imkanlarını daha yaxşı tanımaq, hər şeyi öz gözlərimizlə görmək və şəhərin atmosferini hiss etməkdir. Mənimlə gələnlər bizim ən yaxşı müştəri şirkətlərimizin nümayəndələridir. Onların hər biri müxtəlif istiqamətlərdə fəaliyyət göstərir və böyük tədbirlər təşkil edirlər».
Həmsöhbətimiz maraqlı bir məqamı da diqqətə çatdırdı ki, Bakı haqqında ilk təsəvvürü məşhur şair Robert Rojdestvenskinin «Əgər sən Bakını görməmisənsə» şeirini oxuyan zaman yaranıb. İlk dəfə səfər etməsinə baxmayaraq, Bakıya vurulduğunu deyən Mariya Rıjkova şəhərdəki səliqə-sahmanı, təmizliyini daha çox bəyəndiyini deyir: «Robert Rojdestvenskinin Bakı haqqında şeirini oxuduqdan sonra anladım ki, bizə elə belə bir şəhər lazımdır. Şeirdə deyilir ki, əgər sən Bakını görməmisənsə, onda nə görmüsən ki? Doğrudan da bu şəhərdə o qədər gəzməli, görməli yerlər var ki, bilmirsən hansını seçəsən. Şəhərin qədim və müasir arxitekturası, parklar, İçərişəhər insanda gözəl təəssüratlar yaradır. Rəssam Əli Şəmsinin emalatxanasının ekskursiya proqramına salınmasını da mən özüm istədim. Onun əsərləri çox xoşuma gəlir».
«PPF Həyatın sığortası» şirkətinin korporativ xidmət və loqistika şöbəsinin müdiri Yelena Fadeeva da Bakı haqqında təəssüratlarını bölüşdü. Qonaq bildirir ki, şəhər çox maraqlıdır: «Səfər proqramına Konqres Mərkəzi, hotellərlə tanışlıq daxildir. Bilmək istəyirik ki, hər hansı bir tədbir keçirdikdə iştirakçıları yerləşdirmək, tədbiri təşkil etmək baxımından problemimiz olmayacaq ki. Burada tədbir keçirməyin bir müsbət tərəfi də odur ki, ilin bütün fəsillərində hava əlverişli olur. Bundan əlavə, ərzaqlarınız keyfiyyətlidir, dadlıdır, zəngin mətbəxiniz var, insanlarınız qonaqpərvərdir. Bizim üçün də bu xüsusiyyətlər çox önəmlidir. Düşünürəm ki, Bakı müxtəlif tədbirlər, konqreslər keçirməyimiz üçün standartlara cavab verir. Sadəcə, bir problem var ki, bura gəlmək üçün aviabilet çox bahadır».
Qonaqlar rəssam Əli Şəmsinin ağac üzərində çəkdiyi qız rəsmi və digər əl işləri ilə tanış oldular. Rəssam onlara həm öz yaradıcılığı, həm də Azərbaycanın tarixi haqqında geniş məlumat verdi.
İnfotur iştirakçıları Əli Şəmsinin emalatxanasından böyük təəssüratlarla ayrılıb İçərişəhərin digər küçəsində yerləşən Miniatür Kitab Muzeyinə doğru yol aldılar.
Fəxriyyə