Əbülfəs Qarayev: “Bizim əsas məqsədimiz Azərbaycan qonaqpərvərliyini dünyaya sübut etməkdir”

İyulun 8-də Azərbaycan Turizm və Menecment Universitetində “Məzun-2015” mərasimi keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, nazirliyin məsul əməkdaşları, ali məktəb rektorları, diplomatlar, millət vəkilləri, hotel və turizm müəssisələri rəhbərlərinin qatıldığı mərasim Azərbaycanın Dövlət himninin oxunması ilə başladı.

Bu il ATMU-dan 37 magistr, 211 bakalavr məzun olub

Mərasimi ATMU-nun rektoru, professor Cəfər Cəfərov açaraq tədris ocağının universitet statusu aldıqdan sonra ilk məzun buraxılışının keçirildiyini diqqətə çatdırdı. Rektorun sözlərinə görə, institutun universitetə çevrilməsi sadəcə mexaniki addəyişmə deyil: «Ali təhsil ocağımızın statusu dəyişdi, profili genişləndi, nüfuzu, ictimai çəkisi artdı. Yaradılan təhsil mühiti, beynəlxalq əlaqələrin qurulması, kadr hazırlığının keyfiyyəti ictimai etimad qazanmağımıza imkan verdi. Ölkə Prezidenti İlham Əliyev görülən işləri, eyni zamanda ali təhsildə turizm və menecment sahələrinin perspektivini dəyərləndirdi və müdrik qərar qəbul etdi. ATMU-nun yaradılması həm də üzərimizə qoyulan böyük məsuliyyətdir və əziz məzunlarımız da ATMU ailəsinin üzvləri kimi bu məsuliyyətə şərikdir. Bundan sonra da biz hər zaman bir yerdə ATMU-nun inkişafı uğrunda əlimizdən gələni edəcəyik”.
Rektor tədris ocağının 10 illik fəaliyyətinə nəzər saldı, bildirdi ki, 2006-cı ildə 200 tələbə, 1 fakültə və 3 ixtisasla fəaliyyətə başlayan ali məktəbdə hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavr səviyyəsində 1527 nəfər, magistraturada 146 nəfər təhsil alır. İkinci ali təhsildə 27 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 460 şagird təhsil alır.
Builki yekun dövlət attestasiyalarında universitetdən 37 magistr, 211 bakalavr məzun olub. Bu vaxta qədər universiteti 1312 nəfər (o cümlədən 70 nəfər magistr) bitirib. Cari ildə Bakı Turizm Peşə Məktəbində 387 nəfər məzun olub və son 4 ildə bu məktəbin məzunlarının sayı 1232 nəfərə çatıb. ATMU-nun builki məzunlarından 19 nəfəri eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu qazanıb. Ümumilikdə indiyədək 116 məzun ikili diplom alıb.
Qeyd olundu ki, Azərbaycan Turizm və Menecment Universiteti qarşıdakı illərdə müvafiq ixtisasları artıraraq turizm və digər xidmət sahələrində aparıcı ali təhsil ocağına çevrilməyi planlaşdırır.

“Ölkəmizə gələn qonaqları Azərbaycanın dostuna çevirməliyik”


Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, yenilik əldə etmək həmişə çətin olur. 10 il bundan əvvəl kiçik addımlarını atan Azərbaycan Turizm İnstitutunun ilk qədəmləri yenilik, müasirlik anlayışları daşıyırdı: «Bunun da məntiqi nəticəsidir ki, illər keçəndən sonra artıq dövlətin, ictimaiyyətin, sənayenin və şəxsən ölkə Prezidentinin qiymətləndirməsi o oldu ki, bu ali təhsil ocağı daha yüksək statusa layiqdir. Bu gün ilk dəfə olaraq Azərbaycan Turizm və Menecment Universitetinin məzunlarını yola salırıq.
Bu gün Azərbaycan iqtisadiyyatın sürətli inkişafına görə dünyanın öndə gedən ölkələrindən biridir. Ölkə iqtisadiyyatında turizmin payı ildən-ilə artır. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı daha çox enerji sektoru ilə bağlıdır. Belə ölkələrin təcrübəsi göstərir ki, turizmin payı ümumi daxili məhsulun formalaşmasında o qədər də böyük olmur. 2014-cü ilin rəqəmləri göstərir ki, ümumi daxili məhsulda turizmin payı 4,1 faiz təşkil edir. Bu onu göstərir ki, ölkə ictimaiyyətinin, biznes dairələrinin bu sənayeyə böyük marağı var”.
Məzunlara xitab edən nazir onların yeni həyata qədəm qoyduqlarını vurğuladı: “Oxuduğunuz dövrdə Azərbaycanda keçirilən bütün vacib beynəlxalq tədbirlərin könüllüləri qismində çıxış etmisiniz. Azərbaycanda artıq dünya miqyaslı tədbirlərin keçirilməsi ənənəsi mövcuddur. Təkcə bu il ərzində bu ali məktəbin 700 tələbəsi Avropa Oyunlarında, 120 tələbəsi 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda könüllü qismində uğurla çıxış edib. Siz artıq qonaqpərvərliyin nə olduğunu yaxşı bilirsiniz. Siz öz nəzəriyyəniz və təcrübənizlə sənayeyə daxil olmağa hazırsınız. Mən tam əminəm ki, bizim sənayenin nümayəndələri sizi ruh yüksəkliyi ilə qarşılayacaq, lazımi iş şəraiti yaradacaq və sizin yeni üslubunuzu, təcrübənizi tətbiq etməklə yeni mərhələyə çıxacaq».
Nazir bildirdi ki, bu gün turizm dünyanın aparıcı sənayelərindən biridir: “Bu inkişaf daim olacaq, çünki insanlar hər zaman səyahət etməyə, başqa ölkələri görməyə, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olmağa maraq göstərirlər və ildən-ilə bu proses daha geniş olacaq. Mənim arzum odur ki, sizin işlədiyiniz qonaqpərvərlik sənayesinin vəziyyəti o qədər yüksək olsun ki, Azərbaycana ilk dəfə gələn insan bu ölkədən ancaq gözəl təəssüratlarla ayrılsın. Biz ölkəmizə gələn qonaqlara elə münasibət göstərməliyik ki, onların hər biri Azərbaycanın dostuna çevrilsin. Əfsuslar olsun ki, bu gün dünyada gedən proseslərdə ikili standartlar mövcuddur. Azərbaycanın inkişafına, onun nailiyyətlərinə paxıllıq edən, onu istəməyən baxışlar da var. Bu bir reallıqdır. Amma bizim cavabımız ondan ibarət olmalıdır ki, Azərbaycan xalqının mədəniyyəti, adət-ənənələri, mətbəxi xalqın özü tərəfindən yaradılıb və o qədər genişdir ki, bizim digər ölkələrin irsində heç vaxt gözümüz olmayıb. Bizim məqsədimiz xalqımızın yaratdığı bu sərvətləri qorumaq, Azərbaycan qonaqpərvərliyini bütün dünyaya sübut etməkdir. Azərbaycanın turizm standartları elə səviyyədə qurulmalıdır ki, ölkəmizin adı həmişə yüksəklərdə olsun. Bunun üçün vətənpərvərlik, yüksək savad, işgüzarlıq gərəkdir. Çünki qonaqpərvərlik özü bir mədəniyyətdir. Bu gün məzunlarımız bu mədəniyyətin sahibidirsə, Azərbaycan turizminin gələcəyi çox parlaqdır».
Əbülfəs Qarayev çıxışının sonunda ATMU-nun işində yardım edən Krems Universitetinin menecment mərkəzinin müəllimlərinə, beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində tədris prosesinə dəstək verən nümayəndələrə, professor-müəllim heyətinə, Bakı Turizm Peşə Məktəbinin müəllimlərinə təşəkkür etdi.
Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqramının rəhbəri, professor Valter Qross təhsilini uğurla başa vuran məzunları təbrik etdi və bildirdi ki, Krems qrupu təkcə akademik təhsil vermir, həm də öz məzunlarını həyata bir insan kimi hazırlayır. Bu proqramda təhsil almaq tələbələrin gələcək uğurlarına rəvac verir.
Sonra 2014/2015-ci tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar, Avstriyanın İMC Krems Universiteti ilə ATMU-nun birgə icra etdiyi beynəlxalq proqram üzrə bitirən məzunlara diplomlar, fakültə birincilərinə plaketlər təqdim olundu. Elnarə Süleymanlı ATMU-nu fərqlənmə diplomu ilə bitirən ilk məzun adını qazandı. Tədbir konsert proqramı ilə başa çatdı.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar