Bu sistem tətbiq olunduqdan sonra şirkətlər ölkəyə turist gətirməyə daha çox maraq göstərirlər

İyunun 29-da Nazirlər Kabinetinin qərarı ilə «Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası» təsdiq edilib.

Sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.
Təsdiq edilmiş qaydaların üstünlüyü və Azərbaycanda turizmin inkişafına verdiyi töhfəni dəyərləndirmək üçün ekspertlərə müraciət etdik.

İndiyədək 34 minə yaxın elektron viza turizm şirkətləri vasitəsilə sənədləşib

Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, turistlərin elektron viza alma proseduru 2013-cü ilin aprelindən həyata keçirilir, bununla bağlı ölkə başçısının müvafiq sərəncamı var: «O vaxtdan etibarən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 65 turizm şirkəti elektron viza verməklə bağlı akkreditasiyadan keçib. Yəni hazırda Azərbaycanda fəaliyyət göstərən 289 turizm şirkətindən 65-i ölkəmizə gəlmək istəyən xarici turistlərə elektron vizanın sənədləşdirilməsi işində hüquqa sahibdir. Bu qaydalar təsdiq olunana qədər turizm şirkətlərinə bu hüquq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilirdi. Prosedur turizm şirkətlərinin fərdi müraciətləri əsasında həyata keçirilirdi. Bu zaman üstünlük, təbii ki, daxili turizmlə məşğul olan şirkətlərə verilirdi. Yeni qaydalarla isə hər bir turizm şirkəti Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib akkreditasiyadan keçə bilər. Təsdiq olunmuş qaydaların 1.2 bəndinə uyğun olaraq turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında bir ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər. Bu da ona görədir ki, hər bir yeni fəaliyyətə başlayan turizm şirkəti bazarda özünü tanıtmalı və turizm xidmətləri ilə özünü təsdiq etməlidir. Bir il imkan verir ki, şirkət haqqında ölkəyə gətirdiyi və ölkədən xaricə göndərdiyi turistlərin rəy və təklifləri əsasında fikir formalaşsın. Burada ən vacib faktor da ondan ibarətdir ki, həmin şirkət Azərbaycan qanunvericiliyinə uyğun düzgün formada fəaliyyət göstərsin”.
Şöbə müdiri bildirdi ki, 2013-cü il aprelin 1-dən bu günə qədər 34 minə yaxın elektron viza turizm şirkətləri vasitəsilə sənədləşib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən viza verilib.
Yeni təsdiq olunmuş sənəddə akkreditasiyadan keçmək üçün lazım olan bütün sənədlərin siyahısı, akkreditasiyanın ləğvinə qədər müddəalar öz əksini tapıb.

Elektron viza sistemi yerli turizm şirkətləri üçün mühüm imkandır

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun fikrincə, elektron viza sisteminin tətbiqi yerli turizm şirkətləri üçün mühüm imkan, üstünlükdür: «Azərbaycanda elektron viza sisteminin tətbiqi ölkəyə gələn turistlərin sayına öz təsirini göstərir. Şirkətlər bu sistem tətbiq olunduqdan sonra turist gətirməkdə daha çox maraqlıdır. Çünki bu onların işində bir rahatlıq yaradıb. Əvvəlki qaydalar belə idi ki, şirkətlər öz turistlərini göndərirdilər səfirliyə, orada həm vaxt itkisi, həm sənədlər baxımından müəyyən qədər problemlər yaranırdı. Dünya təcrübəsi də onu göstərir ki, hazırda bizim tətbiq etdiyimiz elektron viza sistemi turistlərə ölkəyə gəlmək üçün gözəl şərait yaradır. Turist səfirliyə getmədən və vaxt itirmədən viza alır”.
Assosiasiya sədri deyir ki, bu vaxta qədər turizm şirkəti elektron viza vermək üçün akkreditasiyadan keçmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edirdi və nazirlik həmin turizm şirkətinə yeni qəbul edilmiş sənəddə göstərilən qaydalara uyğun olaraq icazə verirdi. Amma bu qaydaların Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi bir daha sübut edir ki, dövlət bu sektorun inkişafında və Azərbaycanın yeni bir istiqamət kimi bütün dünyada tanınmasında maraqlıdır və bu istiqamətdə lazımi dəstəyi verir.
Nahid Bağırov onu da əlavə etdi ki, gəlmə turizmlə məşğul olmaq üçün turizm şirkəti həm daxili, həm də xarici bazarda özünü göstərməlidir: «Bəzi hallarda turizm şirkətləri bir il, ilyarım fəaliyyət göstərir, sonra işi bacara bilmədiyinə görə fəaliyyətini dayandırır. Ona görə ki, turizm şirkətlərinin əksəriyyəti öz marketinq siyasətlərini düzgün qura bilmirlər. Düşünürəm ki, bu qaydalar turizm şirkətlərinə dövlət tərəfindən verilən şansdır, onlar bundan istifadə edib özlərini təsdiq etməlidirlər».

Yeni qaydalar turizmin inkişafı istiqamətində növbəti addımdır

Azərbaycanda daxili turizmlə məşğul olan «Victory Tour» şirkətinin direktoru Vüsal Hacıyevin sözlərinə görə, 2013-cü ilin aprel ayına qədər turizm şirkətlərinin qarşılaşdığı əsas çətinliklərdən biri viza məsələsi olub. Çünki turistlər daha rahat yolla viza əldə etməyə üstünlük verirlər, problemlərlə üzləşdikləri ölkələrə səfər etməyi sevmirlər: «Amma elektron viza sistemi tətbiq edildikdən sonra bizim bu baxımdan problemimiz yoxdur. Azərbaycana gəlmək istəyən xarici turist evindən internet vasitəsilə müraciət edərək viza ala bilir. Bu sistem tətbiq olunmağa başladıqdan sonra turist sayında nəzərəçarpacaq dərəcədə artım var. O cümlədən Avropa ölkələrindən və Amerikadan çoxlu turistlər qəbul edirik».
Şirkət rəhbəri elektron viza almaq hüququ ilə bağlı yeni qaydaların tətbiqini Azərbaycanda turizmin inkişafı istiqamətində atılan növbəti addım kimi dəyərləndirir.
«Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev isə yeni viza qaydaları tətbiq olunarkən ilk dövrdə bir sıra çətinliklərlə rastlaşdıqlarını dedi. Onun sözlərinə görə, artıq bu məsələlər aradan qalxıb: «Sifarişlərimizin sayı artır. Bu isə Azərbaycana gəlməkdə maraqlı olanların çoxluğundan xəbər verir. Təbii ki, burada yeni viza sisteminin tətbiqinin də rolu böyükdür. Əsasən Rusiya, Amerika, İtaliya, Britaniya və Almaniyadan turist səfərləri üçün sifarişlər alırıq. Düşünürəm ki, bu maraq və ölkəmizə gələn turistlərin sayı daha da artacaq».
Qeyd edək ki, Azərbaycana gəlmək istəyən xarici turistlər üçün elektron viza sisteminin tətbiq olunması bir sıra beynəlxalq turizm qurumları, o cümlədən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (UNWTO) tərəfindən də yüksək qiymətləndirilib. Təşkilatın baş katibi Taleb Rifai bildirib ki, yeni sistemin tətbiqi Azərbaycana beynəlxalq turist axınını artırmaqla, bütövlükdə ölkənin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar