Ölkəmizdə ilk dəfə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 8-20 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr təkcə Azərbaycanda deyil, eyni zamanda müxtəlif xarici ölkələrdə təcrübə keçmək imkanı qazanıblar.
Universitetin rektoru, professor Cəfər Cəfərovun sözlərinə görə, hazırda tədris ocağının 9 tələbəsi Türkiyədə, 4 nəfər Şimali Kiprdə, 30 nəfər İsraildə, 1 tələbə Almaniyada və 3 tələbə Birləşmiş Ərəb Əmirliklərində turizm müəssisələrində istehsalat təcrübəsi keçir. ATMU-nun 70-ə yaxın tələbəsi bu ilin 8 həftəlik təcrübəsini başa vurub, 225 nəfər isə 20 həftəlik istehsalat təcrübəsini davam etdirir. Növbəti ildən tələbələrin İtaliya, Dubay, Küveyt, Qətər, İsveçrə, Macarıstan və başqa ölkələrdə təcrübə proqramlarına qatılmaları üçün işlər aparılır.
Rektor bildirdi ki, ali təhsil ocağı indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurub ki, bu əlaqələrdən universitetin müəllim və tələbələri faydalanır: «Universitetimiz Mövlanə mübadilə proqramına qoşulub. Bu tədris ilində 2 müəllimin və 5 tələbənin bu proqramdan faydalanması planlaşdırılır. 10 tələbə Almaniyanın Yade Universitetinə yay məktəbinə, 2 tələbəmiz Türkiyənin Atatürk Universitetinə gedib. Növbəti tədris ilində 2 nəfər Almaniyanın Yade Universitetinə və 2 nəfər də Avstriyanın Krems Universitetinə tələbə mobilliyi çərçivəsində bir semestr oxumağa yola düşəcək”.
ATMU üç TEMPUS layihəsində də fəal iştirak edir. Bu layihələrdə müəllimlərin təcrübəsinin artırılması üçün ezamiyyələr, tədris planlarının beynəlxalq ekspertizası, ümumiyyətlə, universitetin beynəlmiləlləşməsi prosesinə təkan verir. Bu çərçivədə Rumıniya universitetlərindən biri ilə ikili diplom proqramı həyata keçiriləcək. Həmçinin bu il ATMU-da «Amadeus İnternasional» və onun yerli tərəfdaşı «Delta» şirkəti ilə müqavilə əsasında Amadeus laboratoriyası qurulub və tələbələr bronlaşdırma dərslərini burada keçir, sonda isə Amadeus sertifikatı alırlar. Artıq 100-dən çox tələbə bu sertifikatı əldə edib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar