Ernestin bu ədəbi-bədii dəryasına çıxış tam azad, bəşəri, əbədidir...
   
   Dənizlər saysız-hesabsız qurbanlar udub. Adamları udmaqla ah-nalələrə, qan-qarğışlara uduzan dənizlər Ernest Heminqueyin qələmindən udub.
   Bu dahi qələm və silah-adamın əzəmətli əsərləri az olmasa da, onun barəsindəki bu (xeyli yeni və meyli-təkrar) növbəti yazıma ədibin məhz Nobel yarlıqlı “Qoca və dəniz”i ilə ayaq vermək istəyirəm:

   
   Ernest bu dənizi öz düşüncə şirələrindən dama-dama göl olan, təsəvvür, təxəyyül və həyat-yaşam arxlarını yönəldərək yaratdığı istedad çayları hesabına var etmiş...
   Heminquey bu dənizi hələ yaranmamışdan üzüb gəlmişdi. Gəlişində “qayıq”la idi; biri qələm, digəri silah olan avarlarla üzüb gəlmişdi...
   Əbədiyyətə gedişində isə dünyanın ədəbi donanmasının fəxri kapitanı kimi getdi; öz şəriksiz dənizində, öz təkrarsız gəmisi ilə...
   Qəribə (və nisbi qərib) ədiblikdən, ədəbilikdən əlavə, həm də, bizim şifahi nitq təbirimizcə “Allahın bəlası” olub Ernest. Yəqinimcə, o hər xalqın məhz bu sayaq xəlqi təbirincə anılır hər zaman.
   Dastan insan, roman-adam idi Ernest Heminquey. Onun yaradıcılığını dünya ədəbiyyatının şanlı bədii mənzərələr aktivi adlandırmaqla bərabər, onu ədəbiyyat dünyasının dahi canlı “detektivi” də saymaq olar.
   Əgər Nobel təşkilatı da bu ədibin qəribəlikləri səviyyəsində çıxış edib, bioqrafik istedad nominasiyaları üzrə də mükafatlar təsis etmiş olsaydı, Allah bilir, Ernesti neçə dəfələrlə mükafatlandırmaq zərurəti ilə üzləşərdi...
   
   “Nobel”lik və “Ginnes”liklər...
   
   “Ginnesin rekordlar kitabı”ndakı birinciliklərin mahiyyətində mütləq bir cəhd, çalışma, özünügörk elementləri də var. Ernestə (ümumən Heminqueylərə) məxsus qeyri-adiliklər isə büsbütün doğal, qeydə alınmamış real rekordlardır.
   Öncə, bütün varlığı, xarakterilə həm də davakar bir ömür müəllifi olmuş bu ədibin müharibə ilə bağlı rekordları barədə.
   Əvvəlcə, onun oxucuları içərisindəki hədsiz sülhsevərlərə bir tərəfkeşlik analogiyası; qəlbən qarışqanın da taleyinə məsul yazıçılıq hara, bəzən düşmənin körpəsini də öldürməyə məhkum döyüşçülük hara? Amma bu azmış kimi, o, əks-ədəbiyyat, kontr-literator işində də nəzəri-xəyali Nobellik dərəcəsinə nail olub. Döyüşlərin birində bu mülki cəmiyyət xislətli, əmin-amanlıq düşüncəli başın bədəni 227 yara alıb. Həkimlər, artıq, atəşsiz cəmiyyət cəbhəsinin ən yüksək çinli komandanı - qələm generalı kimi tanınmaqda olan bu qeyri-ordinar döyüşçünün canındakı saysız-hesabsız qəlpələrdən yalnız 27-ni çıxara biliblər. Niyə “qeyri-ordinar”? Çünki onun faşizmə qarşı döyüş taktikalarından, atgetməz yollarından nəinki ətrafdakılar, heç fələk də baş aça bilmirmiş. Məsələn, üzdən yanaşıldıqda belə də demək olar ki, Heminquey II Dünya müharibəsini dənizdə keçirib. Amma bu kəmfürsət “balıqçı” öz yaxtasını radar, lokator, pulemyot və mərmilərlə dolduraraq, faşistlərin sualtı “balina”larını partlatmaqla məşğul imiş. Sonda intihar etməklə Tanrı qanununu da pozası bu “dəliqələmli” bütün ömrü uzunu müxtəlif mahiyyətli nihilizmlərə yol verib ki, onlardan bir neçəsi elə onun müharibə “hoqqaları” ilə bağlıdır. Məsələn, o, partizanlara qoşulmaqla “jurnalist müharibədə iştirak edə bilməz” yasağına qarşı çıxıb, döyüşçü dostlarından birinin dediyi kimi, “bu qanunun barıtına su töküb”... Öz dəstəsiylə “Zəfər tağı”nı faşistlərdən geri alarkən iki günlük qızğın döyüşdə bir dəfə də olsun başını aşağı əyməyib, daim dik vuruşub.
   Bəşər tarixində altruistlər - başqa bir ölkənin ordusunda başqa bir ölkəyə qarşı döyüşənlər az olmayıb. Lakin az qala hər işində-əməlində Amerika kəşf etmək istəyən bu amerikalının altruizmi - bir Avropa ölkəsi uğrunda (Fransa) digər Avropa ölkəsinə (Almaniyaya) qarşı can-dildən vuruşması, 62 illik ömründə 60-dan çox ölkədə iz qoyması heç bir bəşər kateqoriyasına sığışan işə oxşamır...
   Azad edilmiş Parisin küçələrində şərabdan keflənmiş əsgər və zabitlərin: “-Görəsən, döyüşdə o qədər gülərüz, burada isə bu qədər qəzəbli bu adam daha kim, daha nəçidir?” “- Hər kimdirsə, çox böyük adamdır!” kimi baş alıb gedən sorğu-sualları o, üzünün məmnunluq ifadəsi ilə yox, sözünün kəsəri ilə kəsib: “Təkcə suallar yox, cavablar da köhnəlir”...
   Heminqueyin ikinci dərəcə ilə vurğuladığı (“cavablar”) doğrudan da köhnələ bilər (hər hansı suala verilən cavab nə sondur, nə aksiom), suallar isə (xüsusilə Heminqueylərə dair suallar) heç zaman köhnəlməyəcək. Güman ki, bu qənaət heç kəsdə “niyə” (yəni növbəti bir sual) doğurmaz. Nədən ki, bu sualın cavabları da Heminqueylərlə birgə intihara məruz qalıb. Ernestin atası da, özü də, nəvəsi də müxtəlif illərdə; amma eyni günlərdə (!) özlərinə qəsd ediblər. İndi, hünər deyirəm, “niyə?” soruşulmasın! Cavab isə - nə qədər desən. Və o cavabların heç biri nə ilk olacaq, nə son. Hamısı köhnələcək. Yeniləri veriləcək və onlar da yeni-yeni köhnələrə çevriləcək. Bu həmişətəzə suallardan birinə bircə həmişəyeni cavab var ki, onu Ernest özü verib. Amma bu da alayarımçıq : “Məncə, atam intihara çox tələsmişdi. Amma, ola bilsin ki, dözmək mümkünsüz imiş. Atamı çox sevdiyimdən... bu barədə danışa bilmirəm...”
   Ernest özü danışa bilməsə də, tədqiqatlar, xatiratlar bu faktlar və onları doğuran səbəblər haqda çox şey deyir. Uşaq vaxtı fermaya - süd dalınca qaçarkən yıxılıb, boğazına çubuq batmış Ernestə ağlamağı qadağan edən, “ağrıya dözə bilməyəndə fit çal” deyən o ata özü də hərdən, bağlı otaqda (övladlarından “məxfi”) arvadının qara-qışqırıqlarından, etiraz, qəzəb, üsyan dolu ahmıralarından bezərək, bir-iki gün danışmaz, elə hey fit çalarmış. Xeyr, o ata fit-fıştırıqçı deyilmiş. Əks təqdirdə o, Ernestin Parisdə nəşr olunmuş ilk kitabını alanda alnı qırışmaz və geri göndərdiyi həmin kitaba belə bir məktub əlavə etməzdi: “Oğlum, mənə elə gəlirdi - öz tərbiyəmlə sənə başa sala bilmişəm ki, ədəbli insanlar öz zöhrəvi xəstəliklərini həkimin kabinetindən qıraqda müzakirə etmirlər...”
   Həmin məktubdan sonra Ernest hətta ən ədəbli ədəbi uğurlarını belə atasıyla bölüşmür, anasını isə yalnız onun ölümündən sonra bağışlaya bilir...
   
   Dəlisov cavan “və dəniz”?..
   
   Onun məlum və məşhur əsərinə bu yaraşdırmamı xeyli uzatmaq amacındayam: Dəlisov cavan, kədərli övlad, süngülü ədib, xəcalətli ər, dramatizmli ahıl, dincəlməkdən məhrum qoca “və dəniz”...
   Bəli, elə bir ömür yaşayan məhz belə yaratmalıydı!..
   Heminquey yaradıcılığı çoxgözlü ədəbi tərəziyə qoyulsa, məncə, onların ən göydəqalanı məhəbbət mövzusu olar. Niyə “sevgi” demədim? Çünki onun hər şeyə - gül qoxusundan tutmuş çiçək titrəyişinə, at qaçışından it baxışına, ağır xasiyyətli qoca salğarından dəniz dalğasına qədər - hər nəsnəyə çox özgür bir sevgisi olub. Bunlara bədii məhəbbət də demək olar. Əlbəttə, təkrarsızlıq elementi, orijinallıq əyarı ilə. Fizioloji məhəbbətə gəldikdə isə... Onun məhəbbətinin bu “partiya”sında da bədii “kompliment”lər daha üstündür. Acıları da ki, şirinlərindən çox: “Hər hansı qadın həmişə bir qucaq problemdir”. Dilemmaya baxın ki, onu görən qadınların əksəriyyəti elə ilk baxışdan vurulur, bu tunc sifətli centlmendən ötrü ölürmüş. Lakin tunc sifətlə birgə, sinəsində daş ürək də daşıyan bu kişi onları “diriltməyə” meyil etmirmiş. Vurulduğu hallarda isə özünü evlənməyə borclu bilirmiş. Bu təkrarsız, “serial” eşq ssenarisinin özülü hələ 19 yaşında ikən - I Dünya müharibəsi zamanı düşdüyü hərbi hospitalda - “veteran”lığında qoyulmuşdu. Bəli, o burada vurulduğu qızla - ilk sevgisi ilə evlənir və bu məhəbbət sonralar “Əlvida, silah!”ın əsas süjetinə çevrilir. Heminqueyə vurğunluq “tərifçiliyindən” qaça bilməyən tənqidçilərdən belə bir qənaət də sızır ki, Ernestin ömrünün axırınadək evləndiyi dörd arvadın hamısı doğmasa da, hər biri onun qələminə bir şedevr doğuzdurub. Jurnalistikanı atıb yazıçılığa başladığı zamanlar ailə büdcəsinə qənaət üçün arvadına dəfələrlə “Şam yeməyinə dəvət almışam”, deyərək bir neçə saat parkda gəzişib evə qayıtmasından xəbər tutan şayiəpərdaz oxucuları isə “bax o, kitablarında bizə də beləcə kələk gəlir”, - deyə ədəbi mübahisə və müzakirə açırdılar. “Qara camaat”ın bu kimi rəyləri məqsədli tənqidçilərin “ağ eləmələrinə” rəvac verir və onlar böyük yazıçının “Çayın arxasındakı kölgəlikdə” adlı növbəti romanının mitilini atırlar. O günlərə qədər müharibənin, silahın, qısqanclıq, qorxu, qəddarlıq və sair kimi əbədi əşya və hisslərin təkrarsız ədəbi obrazlarını yaratmış Heminquey də qələmi atır və bundan sonra bir sətir də yazmayacağına söz verir. Lakin bir müddət sonra o, bizim ədiblərdən birinin çox realistik bir aforizminə (“Ehtiyac qul eylər qəhrəmanı da”) nisbətdə çox romantik bir frazasının hədəfinə çevrilir: “Pulsuzluq yazıçı üçün ən yaxşı ilham mənbəyidir”.
   Beləliklə, borclarını qaytarmaq üçün bir hekayə yazmaq fikrinə düşən küskün yazıçı yenidən qələmə sarılır və Nobel mükafatına layiq görülən “Qoca və dəniz” povestini ortaya qoyur.
   Bu əsər haqda o qədər deyilib, o qədər yazılıb ki, deyəsən, daha deməyə söz qalmayıb. “Nəsə demək xatirinə” seriyasından bir bunu ərz edə bilərəm ki, mən o əsəri oxuyandan sonra harada ki maraqlı sir-sifətə malik bir qoca görürəm - həmin an mütləq dənizi, haçan, harada ki dəniz görürəm - qoca kişiləri xatırlayıram. Daha bir sentimental qənaətimsə bundan ibarətdir ki, mən sözə çevrilə bilməyən düşüncələri dünyanın “Qoca və dəniz” ilgili bütün tənqidçilərinin yazdıqlarından üstün sayıram. O professionallar bilsələr ki, mən hətta öz “həvəskar tənqidçi”liyimlə onların ədəbi-tənqidi qənaətlərini bu şedevrə nisbətdə nə qədər qeyri-adekvat, qeyri-qənaətbəxş sayıram, gülməli səslənsə də, xəyalımı beynəlxalq məhkəməyə verərlər. Və əgər bu fantasmaqorik əhvalat cavan bir hakimin sədrliyilə baş verərsə, o məhkəmə o hakimin “Heminquey Qocası” yaşına çatana qədər davam edər (nədən ki, mən o əsərin məziyyətləri haqda “Heminquey Dənizi” qədər danışsam da, doymaram)...
   
   Tahir Abbaslı