Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ekspertlərinin Azərbaycana səfəri davam edir
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna qoşulması ilə bağlı layihənin ekspertləri Mişel Tomas Pinet və Bursa vilayəti valisinin müavini Əhməd Hikmət Şahin ölkəmizdə səfərdədir.
Qonaqlar səfər müddətində Azərbaycanın termal sulara malik bir sıra bölgələrini ziyarət ediblər. Bölgələrə səfər zamanı onları layihənin koordinatoru, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova müşayiət edib.
Masallı rayonuna səfər zamanı qonaqlar rayonun turizm infrastrukturu ilə tanış olub, "İstisu" sanatoriyasını, Heydər Əliyev Mərkəzini, Tarix-Diyarşünaslıq Muzeyini, bir sıra tarix-mədəniyyət abidələrini ziyarət edib, Yardımlı şəlaləsinə baş çəkiblər.
Növbəti tanışlıq səfəri Qəbələ rayonuna olub. Bölgənin termal turizm imkanlarını öyrənən qonaqlar "Yengicə" termal sanatoriyasında, 4 və 5 ulduzlu mehmanxanalarda olublar. Bundan əlavə, Nic kəndində yerləşən alban kilsəsi, Çuxur-Qəbələ kəndindəki Arxeoloji Mərkəzə baxış keçiriblər. Qəbələdə mövcud olan turizmin müxtəlif növləri ilə bağlı infrastrukturla da tanışlıq onlarda maraq doğurub.
Səfər çərçivəsində qonaqlar Qəbələ şəhərində keçirilən VII Beynəlxalq Musiqi Festivalının açılış mərasiminə də qatılıblar və festivalın çox yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını ifadə ediblər. “Termal şəhərlər” marşrutu çərçivəsində belə festivallara daha çox turistin cəlb olunmasının mümkünlüyü diqqətə çatdırılıb.
Ölkəmizdə termal turizmin imkanları ilə tanışlıq səfəri iyulun 28-də Şabran rayonundakı "Qalaaltı" sanatoriyasına ziyarətlə davam edib.