Nahid Bağırov: “Bizdə əsas problem 2 və 3 ulduzlu hotellərin sayının az olmasıdır”

Ölkə Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında turizm və xidmət sektoru ilə bağlı səsləndirdiyi iradlardan sonra əksər hotellərdə qiymətlər endirilib.
Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov bildirib ki, qurum Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hotellərdə otaq nömrələrinin qiymətlərinin endirilməsi ilə bağlı işlər aparır, görüşlər keçirir: «Bunun nəticəsi olaraq, artıq əksər hotellər qiymət siyasətinə yenidən baxaraq müəyyən endirimlər edib, otaq nömrələrinin qiymətlərini minimum 20-30 faiz ucuzlaşdırıblar. Endirimlərin bundan sonra da davam etməsi gözlənilir və hazırda bu istiqamətdə bəzi tədbirlər həyata keçirilir. Biz bu barədə yaxın müddətdə ictimaiyyətə əlavə məlumat verəcəyik”.
Assosiasiya sədri bildirib ki, əslində Gürcüstanla müqayisədə Azərbaycanda beşulduzlu hotellərin qiymətləri ucuzdur: «Gürcüstanda 5 ulduzlu hoteldə bir otaq nömrəsinin günlük qiyməti 320 dollar olduğu halda, Azərbaycanda bu qiymət 150-240 dollar arasında dəyişir. Gürcüstanda iki, üçulduzlu hotellər çox olduğundan turistlər bu hotellərdə qalmağa üstünlük verirlər. Bizdə iki, üçulduzlu hotellərin az olması bu baxımdan problem yaradır”.

 Fəxriyyə Abdullayeva