Azərbaycan Turizm Assosiasiyası (AZTA) yaxın zamanlarda bölgələrimizdəki turizm obyektlərində qiymət siyasəti ilə bağlı araşdırmalar aparacaq. Assosiasiya idarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, monitorinqlər üç və dördulduzlu hotellərlə yanaşı, resort hotellər və istirahət mərkəzlərini də əhatə edəcək. Həmin obyektlərin qiymət siyasətinin onun xidmət səviyyəsinə, eyni zamanda hotellərin ulduz dərəcələrinə uyğunluğu da öyrəniləcək. Monitorinqlərin nəticələri əsasında həmin obyektlərin sahibkarlarına müəyyən tövsiyələr veriləcək.
M.Ağakərimov deyib ki, turizm xidmətləri sahəsində qiymət siyasətinin dəyişdirilməsi məqsədilə artıq AZTA tərəfindən Bakıda 60-dan çox hoteldə monitorinqlər keçirilib: «Nəticədə müəyyən olunub ki, Bakıda üç və dördulduzlu 25-30 hotel artıq qiymətlərini 15-30 faiz endirib. Digər hotellər də qiymət siyasətlərinə baxırlar».
Assosiasiya rəsmisi bildirib ki, endirimlərdən sonra hotellərdə otaq nömrələrinin qiymətləri onların təsnifatına uyğun olaraq, bir nəfər üçün 40-60 manat arasında dəyişir.