Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun apardığı görüş və danışıqlar nəticəsində Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Energy Economics - IAEE) 2016-cı il üzrə Avrasiya konfransının Bakıda keçirilməsi qərara alınıb. Mötəbər tədbir 2016-cı ilin avqustunda keçiriləcək. Bununla bağlı müvafiq hazırlıq məsələlərini müzakirə etmək üçün qurumun sədri, professor Gürkan Kumbaroğlu Bakıya gəlib. O, avqustun 3-də media mənsubları ilə də bir araya gəldi, tədbir barədə fikirlərini bölüşdü.
“Belə böyük tədbirlərin Azərbaycanda keçirilməsi ölkədə turizmin inkişafına çox böyük təsir edir. Xüsusilə konqres turizminin formalaşması və ölkənin bu istiqamətdə tanıdılması gələcəkdə bu sahədən böyük miqdarda gəlirin əldə edilməsi deməkdir”, - deyə professor Gürkan Kumbaroğlu bizimlə söhbətində bildirdi.
Onun sözlərinə görə, IAEE-nin Bakıda keçiriləcək Avrasiya Konfransı zamanı paytaxtımıza 150-dək nümayəndə gələcək. Onlar işgüzar proqramlarından əlavə, mədəni tədbirlərdə iştirak edəcək, Bakıda və yaxın ərazilərdə yerləşən tarixi məkanlara gedəcəklər: «Bu, birbaşa Azərbaycanın mədəni turizm imkanlarının tanıdılmasıdır. Eyni zamanda müxtəlif ölkələri təmsil edən qurumların rəhbərləri Bakıdakı hotellərlə bağlı da məlumatlanmış olacaqlar. Onların hər biri ildə bir neçə böyük tədbirlər həyata keçirən qurumları təmsil edirlər. Bu baxımdan da onlar öz tədbirlərinin məkanı kimi də Bakını seçə bilərlər. Bu isə konqres turizminin inkişafına əlavə zəmin olacaq».
Gürkan Kumbaroğlu Azərbaycan paytaxtına artıq ikinci dəfədir səfər etdiyini, Bakı haqqında çox gözəl təəssüratlarının olduğunu da diqqətə çatdırdı.

 Fəxriyyə Abdullayeva