Prezidenti İlham Əliyev: “Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışı sadəcə olaraq bir hotelin açılışı deyil, bu, bizim siyasətimizin əksidir”
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib.
Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, Bakıdan 127 kilometr məsafədə, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək hotel, villa və kotteclər var. 171 otaqdan ibarət hotel binası ən müasir standartlara cavab verir. Binadakı 112 superior otağın 33-ü iki, 79-u isə birnəfərlikdir. Bundan başqa, 11 suit və 1 lüks otaq da var.
İstər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. SPA mərkəzləri, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları, hovuz, trenajor zalı fəaliyyət göstərir. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, uroloji xidmətlər, kosmetoloji prosedur, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var.
Qalaaltının yeni həyatı
Kompleksin kollektivini təbrik edən Prezident İlham Əliyev yeni müalicəvi istirahət mərkəzinin açılışının ölkəmizin hərtərəfli inkişafının göstəricisi olduğunu diqqətə çatdırıb: “Qalaaltı suyu nadir keyfiyyətlərə malikdir və indi bu gözəl mərkəz yaranandan sonra əminəm ki, həm Azərbaycan vətəndaşları, həm də ki xarici qonaqlar bu imkanlardan istifadə edəcəklər. “Qalaaltı” kurortu 1970-ci illərdə yaradılmışdır. Əlbəttə ki, o vaxt şərait belə deyildi, ancaq buna baxmayaraq, minlərlə insan hər il Sovet İttifaqının müxtəlif yerlərindən buraya gəlirdi, müalicə alırdı. Bu gündən sonra artıq Qalaaltı dünya səviyyəli beynəlxalq müalicə və istirahət kompleksi kimi fəaliyyətə başlayır və burada yaradılan şərait, ən yüksək standartlara uyğundur. Beşulduzlu hotel, SPA mərkəzi, əyləncə zonaları, əlbəttə, bunun özəlliyi ondan ibarətdir ki, burada yerin altından çıxan gözəl su insanların sağlamlığına müsbət təsir göstərəcək.
Bu mərkəzin açılışında bizim siyasətimiz də öz əksini tapır. Çünki regionların inkişafı, qeyri-neft sektorunun, turizm sektorunun inkişafı bizim üçün prioritet sahədir. Regionların inkişafı ilk növbədə infrastruktur layihələrindən başlamışdır, yollar çəkilməli idi. Əgər yol olmasaydı burada heç kim vəsait qoyub bu mərkəzi yaratmazdı. Həm Bakı-Quba-Rusiya sərhədi magistral yolu, eyni zamanda Siyəzən şəhərindən çəkilən yol və digər infrastruktur layihələri ki, bu gün bütün bölgələrdə bu layihələr icra edilir. Regionların inkişafı, o cümlədən turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir”.
Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycanda müalicəvi turizm də inkişaf edir: “Sovet dövründə iki məşhur kurortumuz var idi - biri Qalaaltı, biri də Naftalan. Naftalan kurort mərkəzi də bu gün ən yüksək səviyyədə yaradılıb. Artıq beşulduzlu üç hotel fəaliyyət göstərir və dördüncü hotel tikilməkdədir. Naftalana istirahət üçün xarici ölkələrdən də gələnlərin sayı gündən-günə artır. Əminəm ki, Qalaaltı da o səviyyəyə qalxacaq. Çünki burada da müalicə almaq, istirahət etmək, dincəlmək üçün çox gözəl imkanlar var. Beləliklə, biz bu iki tarixi kurort mərkəzini nəinki bərpa etdik, ən yüksək dünya səviyyəsində yenidən yaratdıq. Bizim digər kurort yerlərimiz də var, misal üçün bir neçə il bundan əvvəl Naxçıvanda “Duzdağ” mağarasının ətrafında gözəl hotel tikilmişdir. O daha çox ağciyər xəstəlikləri üçün yararlıdır. “Qalaaltı” kompleksində böyrək, öd kisəsi, Naftalanda revmatizm, oynaq xəstəlikləri müalicə olunur. Bax, bu müxtəliflik artıq Azərbaycanı dünya səviyyəli turizm mərkəzinə çevirir”.
Turizm daimi gəlir mənbəyidir
Prezident qeyd edib ki, Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir: “Nəzərə alsaq ki, bizim gözəl Xəzər dənizimiz var, dəniz boyu yerlərdə hotellər tikilir. Avropa Oyunlarının keçirilməsi, əlbəttə ki, turizmin inkişafına çox müsbət təsir göstərmişdir. Biz bunu görürük. Minlərlə qonaq gəldi və Bakıya heyran oldu. Bakının gözəlliyi, abadlığı, yaradılan şərait, insanlarımızın qonaqpərvərliyi, əlbəttə ki, turistləri cəlb edir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Avropa Oyunları başa çatdı, gələn il “Formula-1” yarışı, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcək. Biz beynəlxalq tədbirlər keçiririk ki, bizi daha çox tanısınlar. Bu, birinci şərtdir. Turizmin inkişafı üçün ikinci şərt infrastrukturun mövcudluğudur. Bütün bu amilləri nəzərə alaraq biz görürük ki, Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik.
Bölgələrdə yeni gözəl beşulduzlu mərkəzlər tikilir, Bakı şəhərində ən aparıcı dünya hotel brendləri fəaliyyət göstərir. Bakı artıq bu istiqamətdə dünya miqyasında fərqlənən şəhərlər arasındadır. Mən istəyirəm ki, bizim hər bir şəhərimizdə belə imkanlar yaradılsın. Biz “Şahdağ” Xizək Mərkəzini yaratdıq. Orada artıq üç beşulduzlu, iki üçulduzlu və dördulduzlu hotellər inşa olunub. Qış aylarında şənbə, bazar günlərində bəlkə də beş minə qədər insan oraya gedib istirahət edir. Buradan Şahdağa qədər avtomaşınla bir saatyarımlıq yoldur.
Qəbələdə ikinci xizək kurortu, eyni zamanda bir neçə gözəl hotel yaradılıb. İki il əvvəl Qubada “Rixos” kimi gözəl hotel tikilib. Şamaxıda, Naftalanda, Qalaaltıda, cənub zonasında da hotellər inşa olunub. Budur bizim siyasətimiz və inkişafımız və biz bunu dünyada yaşanan maliyyə və iqtisadi böhran dövründə əldə edirik. Bu gün elə bir ölkə tapmaq çətindir ki, bu böhran ona təsir etməsin - hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir. Neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir.
Ona görə, “Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışı sadəcə olaraq bir hotelin açılışı deyil, bu, bizim siyasətimizin əksidir və bizim niyyətimizi ifadə edir. Əminəm, yerli və xarici investorlar bu imkanlardan ruhlanaraq Azərbaycanda yeni gözəl hotellər, istirahət zonaları yaradacaqlar ki, həm vətəndaşlarımız, həm qonaqlarımız bundan istifadə etsinlər”.
Sağlamlıq və xoş istirahət
bir arada
Sonra Prezident İlham Əliyev kompleksin ərazisində yaradılan şəraitlə tanış olub. Kompleksdə qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur müalicəvi təbii sular əsasında müayinə məqsədli tibbi xidmətlər təqdim olunur. Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə müəyyən edilən fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Qonaqlar müalicəvi su içmə zalında lazımi qədər və zəruri temperaturda su əldə edə bilərlər.
Təbiətin qoynunda, ətraf mühitlə harmoniyada yaşamağa üstünlük verənlər üçün milli faunanın elementlərini özündə əks etdirən 4 kiçik hotel binası da inşa edilib. “Lalə”, “Zanbaq”, “Bənövşə” və “Mimoza” adlanan həmin binaların hər birində 10-u superior və 1-i suit olmaqla, ümumilikdə 44 otaq var. Daha dəbdəbəli istirahət arzusunda olanlar üçün isə villalar təklif edilir. “Şahdağ” villası 5, “Kəpəz” və “Murov” villalarının hər biri isə 4 otaqdan ibarətdir.
Gözəl və füsunkar təbiətə malik olsa da, kompleksin ərazisində əlavə yaşıllıq zonası yaradılıb, 15 min kvadratmetr ərazidə ot örtüyü salınıb, 48 növdə 1200-dən çox ağac əkilib. Uzunluğu 246 metr olan süni çay, fəvvarələr və şəlalə ziyarətçilərin istirahətini daha da maraqlı edəcək.
Beləliklə, “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksi respublikamızın turizm infrastrukturuna, xüsusilə də müalicəvi turizmin inkişafına mühüm töhfə verəcək. Kompleksdə əksəriyyəti yerli işçilər olmaqla 170 nəfər çalışacaq.