Sənətin pozulmaz qanunu belədir
Məlahət Yusifqızını «Pərvanə» ədəbi məclisindən tanıyıram. Üsyankar, çılğın, sanki bir od parçası idi. Nə bilim, kənardan belə təsir bağışlayırdı. Tale elə gətirdi ki, başqalarından daha çox onunla ünsiyyət saxlaya bildim. Bir dəfə televiziyada hansısa şairin yaradıcılıq gecəsində iştirak etdiyini gördüm. Bir də baxdım gözlərindən yaş süzülür bu çılğın, üsyankar, od parçasının. O qədər sadə, boyasız könlü var ki, onun yanında rahat, daha sərbəst hiss edirsən özünü. Amma şeirlərini oxuyanda bir söz tutumunun, üsyanın, tufanın içində olduğunu anlayırsan. Nəfəsin daralır, az qalırsan silahlı-silahsız savaş meydanına atılasan və nərə çəkib cümləmizi səsləyəsən ki, Qarabağ səni çağırır, səni gözləyir, yetər artıq sən onu gözlədiyin… Məlahət Yusifqızının şeirlərinin bir özəlliyi də ondadır ki, o, ürəkdən aldığı nəfəs, damarında çağlayan qanı kimi, qəlbindən keçəni yazır.
Bugünlərdə sözə böyük ehtiramla yanaşan, sözü urvatlı tutan şairə Məlahət Yusifqızı ilə həmsöhbət oldum.
- Məlahət xanım, illərdi ki, sözlə-qələmlə yoldaş, həmsöhbətsiniz. Artıq can dostunuz, könül yoldaşınız olan sözlə söhbətiniz, deyin görək həmişə yaxşı tutur, yoxsa küsüb gedən vaxtlarınız da olur?
- Hər kəsdən küssəm də, (hərçənd ki, heç küsən də deyiləm) sözdən küsmək olmaz. Sadəcə, sözlə baş-başa qalmağa macal versələr, mən həmişə onunla olaram.
Yolunda gəzdim duruldum,
Demədim, bezdim, yoruldum,
Söz məni əydi, vuruldum
Haqq bilib, əymədim sözü.
Əsas olan sözdür, qələm sadəcə vasitədir. Necə ki, silahlar, yaraqlar döyüşə vasitə olan kimi. Mənim sözüm yaddaşımın məhsuludur. Ümumiyyətlə, mənən yaranmışların hamısı yaddaşın məhsuludur. İnsanı kamilliyə çəkən mədəniyyətdir ki, ondan da bezmək, küsmək olmur. Sənətkarın qarşıdurması bütün zamanlarda mühitlə bağlı olub. Çünki arzu, istək heç vaxt mühitlə üst-üstə düşməyib. Bu təzad və onu dərketmə nə qədər dərin olsa, sənət bir o qədər güclü və işıqlı alınar.
- Adam var özü görünür, adam da var sözü. Sözünüz görünürmü? Ümumiyyətlə, sözün görünməsi üçün çoxmu zaman gərəkdi, yoxsa...
- Sözün arxası olmamalıdır, çünki söz özü arxadır. Söz öndə getməlidir, çünki söz irəli aparandır. Söz yüksəkdə olmalıdır, çünki söz ucaldandır. Söz dərin olmalıdır, çünki özülü olmayanın ömrü qısa olur. Söz yaşamalıdır, çünki söz yaşadandır, hər kəsi (xalqı, milləti və dövləti) söz təsdiq edir və yaşadır. Barışın da, döyüşün də önündə və sonunda söz dayanır. Hərdən mənə elə gəlir insanla digər canlıların ən fərqli cəhətlərindən birincisi sözdür. Söz insanı digər canlılardan ayırıb yüksəlişə, elmə, mədəniyyətə gətirib.
Yeri gəldi, usandırdı,
Yerində qandı, qandırdı,
Hədəfə dəydi, yandırdı
Dəymədisə, yaxıldı söz.
…Çatdısa, yatan ayıldı,
Haqq sözü tutan sayıldı,
Gah cana yağtək yayıldı,
Gah da başa çaxıldı söz.
- Torpaqlarımızın işğalı, Qarabağ dərdi şeirlərinizdə o qədər hiddətli, güclü səslənir ki, bir oxucu kimi adama elə gəlir, sanki əlinizdəki qələm yox, silahdır...
- İdeologiya da bir silahdır. Əslində yaradıcılığımda aparıcı yeri millətim, dövlətim, onun dünyadakı durumu, dünəni, bu günü, sabahı tutur ki, o da son zaman sərhəddində Qarabağla sonuclanır. Qarabağ mövzu deyil, Qarabağ ağrıdı, yaşamaq həvəsidi, alın yazısıdı, kiliddi, açardı, dünəndən sabaha gedən yoldu, gor evidi, verilən candı, qayıdası ümiddi, girov və əsir düşmüş ana-bacıdı, boynumuzda ağırlığını daşıdığımız dərdlər silsiləsinin ən sonuncusu və təzəsidi.
Nə verdi bu sabah adı?!
Qadalar bundan dahadı.
Qanımız candan bahadı,
Qarabağ qandan sonrası.
- Neçə kitabınız çap edilib? «Qədərində götür» adlı kitabınızın texniki tərtibatından narazılığınız var idi. Yenidən çap etdirdinizmi?
- İki kitabım var. Birinci kitabımın adı «Od parçası»dır. Çoxlarından fərqli olaraq öz işimə daha az vaxt ayırıram. Görünür, istəmək azdır, o işlə məşğul olmaq lazımdır. «Heç zaman, heç yerə mən tələsmirəm», ancaq özümə gələndə...
- Məlumatıma görə, gənclik illərində yaşıdlarınız arasında sayılıb-seçilən şairlərdən olmusunuz. Həm də çox sevdiyiniz Məmməd İsmayılın rəhbərlik etdiyi dərnəyin fəal üzvü kimi...
- Sənəti sevən və haqqa tapınan hər kəs seçib məni. Eyni zamanda özündən bədgümanlar da seçib. Birincilər daha çox olub. Bəli, Məmməd İsmayılın ədəbi birliyinin üzvü olmuşam, həmişə də sayğı görmüşəm. Məmməd İsmayılın adına və yaradıcılığına böyük hörmətlə yanaşıram. Onunla bağlı xeyli yazılarım da var. 80-ci illərin əvvəlində «Aç qapını, söz deməyə gəlmişəm» dediyim Məmməd İsmayıla, 2000-ci ildə
Hara qocalırsan, atam balası,
Ha yandan qazandın bu qədər yaşı?!
Hələ irəlidə döyüş olası
Kimə tapşırırsan bu son savaşı?! - deyə müraciət etdim.
- Deyirlər, xoşbəxt olmaq üçün insana o qədər də çox şey gərək deyil. Siz necə düşünürsünüz?
- Xoşbəxtlik nisbidir. Hərənin özünəməxsus xoşbəxtlik yozumu var. Hər kəs də o prizmadan yanaşır bu anlayışa. İnsanın maraq dairəsinə, dünyagörüşünə, elminə, savadına, mövqeyinə uyğun olaraq onun xoşbəxtliyə münasibəti müəyyənləşir. Bu dairə artdıqca xoşbəxtliyin ömrü qısalır. Yəni insan dərinləşdikcə xoşbəxtliyin əlçatmazlığını daha çox dərk edir. Şəxsən, mənim xoşbəxtliyim millətim və dövlətimlə bağlıdır. Onun yer üzərindəki mövqeyi, ona münasibət və s. mənim üçün şəxsi məsələləri çox-çox üstələyir.
- Sizə uğurlar...
Mina RƏŞİD