Sentyabrın 8-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində olub. Görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov da iştirak edib.
Tədris ocağı ilə tanışlıqdan sonra Bakı Turizm Peşə Məktəbinin yeni təyin edilmiş direktoru Neylüfər Kərimova fəaliyyətləri, beynəlxalq əlaqələri və gələcək planlar barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edilib ki, peşə məktəbi turizm sahəsində peşəkar kadr hazırlığına, xidmət keyfiyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verir.
Nazir müavini Nazim Səmədov tədris müəssisəsindən daha yüksək nəticələr gözlənildiyini diqqətə çatdırıb, görüləcək işlərə dair müvafiq tövsiyələr verib. Məktəbdə ixtisaslar üzrə kadr hazırlığının turizm sənayesinin gələcəyinə təsirindən danışan nazir müavini mövcud ixtisaslar üzrə hazırlığın təkmilləşdirilməsi və yeni ixtisasların yaradılmasının müvafiq araşdırmalara, eləcə də turizm sektorunun tələblərinə uyğun formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, turizm bazarında kadrlara olan mövcud tələbatın müəyyənləşdirilməsi məqsədilə nazirlik tərəfindən müvafiq sorğuların keçirilməsi və əldə edilən nəticələrin təhlili nəticəsində tələb olunan ixtisasların siyahısının tərtib olunması nəzərdə tutulub.
Bununla yanaşı, nazir müavini ATMU-da keçirilən karyera yarmarkalarında peşə məktəbinin yaxından iştirakı, eləcə də turizm təmsilçiləri ilə işbirliyinin gücləndirilməsinə dair müvafiq addımların atılmasını təklif edib.
Xatırladırıq ki, Bakı Turizm Peşə Məktəbində turizm agenti, aşpaz, barmen, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib, fərdi kompüter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi və s. ixtisaslar üzrə kadrlar hazırlanır. Gələcəkdə bu ixtisasların sayının artırılması planlaşdırılır.