Böyük yazıçı, milli-mənəvi müəllim İsmayıl Şıxlının ruhu qarşısında...
   
   Müəllim, mən Sizin V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına ADPU-nun) jurnallarında adı olan tələbələrinizdən deyiləm. Amma Siz o vaxtlar “legioner” tələbələri də dərs dediyi auditoriyalara cəzb edən beş-üç işıq-müəllimlərdən biri idiniz. İndi mən nə o vaxtlar auditoriyada söyləyə, nə də dəhlizlərdə üzünüzə deyə bilmədiyim bir dərs yazıram:
   
   Böyük Turanlı... Bütöv Azərbaycanlı... Şanlı Qazaxlı...
   Kolorital qələmiylə böyük sənət, zəngin aləmiylə özgür şəxsiyyət yaratmış İsmayıl Şıxlı. Əvət, əlbət, söhbət öz şəxsiyyətinizdən gedir - yazı-pozudan kənar, şifahi xalq ədəbiyyatı məhsullarına, petroqlif rəsm janrlarına bənzər “avtoportret”dən. Bu qəbil, bu “qəlib” əsərlər - şəxsiyyətlər, məndən də yaxşı bildiyiniz kimi, tək elə bizdə yox, bütün dünya yaradıcılığında çox azdır, İsmayıl müəllim...
   Tələbələrinizin öz fikirlərini tamamilə sərbəst, yaradıcı ifadə etmələrini çox bəyəndiyinizi bildiyimdən, mən də “öz dağarcığımı çəkirəm çuvallar cərgəsinə”. İstedadlı yaradılmışların bilvasitə yaratdığı ədəbi-bədii şəxsiyyətlərlə Yaradanın bilavasitə yaratdığı bəşəri-bəndəvi şəxsiyyətlər arasındakı bəlli fərqlərdən çox danışıb, Sizə ruhağrısı verməməkçün qısaca deyim ki, birincilərin taleyi qələmdən, ikincilərininki isə ...taledən asılıdır. “Birinci”(?!)lər sənət məziyyətlərindən yaranır, ikincilər həyat əziyyətlərindən. Onların bütün gərəyi-çörəyi kəllə-kəllə başdan çıxır, bunlarınkı zəllə-zəllə daşdan. Sayca orduya timsal birincilər, uzaq başı, Don Kixotvari fabulalanır, sərkərdələrə misal ikincilər isə dünya malına göz yummaq kimi - çox çətin cəbri-nəfslə...
   Hə, milli “mən”i öz ustad qələmindən də qəlbi müəllim! Təvazö səbrinizin tükəndiyini bilsəm də, müsahibi sonadək dinləmək mədəniyyətinizə də bələd olduğumdan, davam edirəm.
   Hər kəsin arzularında hələ deyilməmiş, yazılmamış, işlənməmiş, dadılmamış, sevilməmiş... bir söz, yazı, iş, təam, yar var. Mənim arzu-düşüncələrimin həsrətində isə, tam anlanılmadıqlarından ləzzəti bir qədər də artan bir neçə “laübalı” şəxsiyyət də var ki, onlardan biri Sən!
   Sənin qələminlə yaranmış bədii və sənədli şəxslər, şəxsiyyətlər səhnələrdə, kino-teleekranlarda, ədəbi məclislərdə, xüsusən, milyonlarla oxucu düşüncə-daşıncalarında öz təcəssüm-təcəllalarını tapıblar və bu ədəbi var, çox inam-ehtimalımla, əbədi bir “ardı var”la müşayiət olunacaq. Öz aləminlə yaratdığın isə... Yəni düşünməkdən çox yazan, hekayə ladında gəzişib, roman-epopeya oktavasında çığıranlardan fərqli olaraq - sakitcə-samitcə aləminlə yaratdığın öz obrazın məlum mental “iksir”imiz səbəbindən hələ yaranmayıb. Nə ötən əsrimizin məlum and içimi qədər hədər-hədyan nəşriyyatlarında, nə Allahın su içimi kimi asan dil-ağız, haray-həşiriyyatlarında. Məlum bir atalar sözünün (Çəkidə yüngül, vəzndə ağır) tərsi olan bu yazı da ki, Sənin çox çətinliklərə sinə gərə-gərə yaratdığın nəhəng avtoritet-avtoportretin önündə çox xırda! Hər cür təsvir imkanlarına, təfsir səlahiyyətlərinə, fırçanınkından qat-qat çox rənglərə, “olan”lardan dəfə-dəfə fazla “ola bilər”lərə, mat qalası materiallara malik qələmlər, məncə, hələ İsmayıl müəllim obrazı yarada bilməyib. Uzun illər o vaxtların “mərkəzi maarif-tarif bazarı” (beş-on təmiz-tarıq müəllimin ruhundan iraq) kimi tanınan bir “taksa”xanada “kristal” kimi tanınmaq, bircə loğma haram yeməmək, mövzudankənar söhbətlərini halallıq, müqəddəslik, milli vicdan, xəlqi namus, ilahi dastan, poeziya, haqq aşıqları üstdə quraraq, açıq alın, uca səslə dərs deyə bilmək - nə demək?!.
   Bax, mənim bu yazılı dərsi söyləməkdə çəkdiyim çətinlik məhz Sənin o şifahiliklə yaratdığın obrazın qeyri-adi üslubu, dəst-xətt mürəkkəbliklərilə bağlıdır, İsmayıl müəllim!..
   Deyirəm, bəlkə, bu qədər milliliyinin, özgürlüyünün bir tərəfi də Demokratik Cümhuriyyət illərimizin birində (1919) doğulmağınla bağlıdır, müəllim! Özü də adlı-sanlı bir kənd müəllimi ailəsində, Əlağa Şıxlinski kimi bir fenomen əmiliyin haləsində. Hələ əsərlərindən birinin adı olmasın - dəfələrlə ayrılan yollar, calanan cığırlar, mogikan-magistrallar. İçində bu boyda istedad, gələcək nam-nişanlı görəvlərə namizəd və yarlı-yaraşıqlı bir oğlan ola-ola, görəsən, o ucqar, o qeyri-sivil Kosalar kənd orta məktəbində dərs deməyə necə “səbr pişə qılmısan” və gər səbrin olsa da, nişə qalmısan?
   Amma bugünkü ayaqdan yanaşsaq, yaxşı eləmisən; qoy indilər, Zülali demiş, bir kotanarxı o yananı qürbət, Biləcəridən o tərəfi ucqar sayan məzunlarımız görsünlər ki, oralarla buralar arasında bir vətəndaşlıq-gödəndaşlıq qədər fərq, bir beşik-yeşik kadar fark var. Elə Sən təfəkkür və zabitəli bir gəncin müharibədə zabit oluban yox, sıravi əsgər kimi döyüşməyin də bir görk (əlbəttə, hər “veliko”-əmrə “yest!” deyib “lıçka” alanlara)!..
   Bu “avtoportret”in daha hansı cizgilərilə ilgilənməli?..
   İyirmi doqquz yaşından Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Azərbaycan” jurnalının baş redaktoru, SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, neçə-neçə ordenlər, fəxri fərmanlar, mükafatlar, Xalq yazıçısı...
   Heç bir dəftər-kitaba düşməmiş görəvlərin də çox olub, İsmayıl müəllim! Onlardan biri də bu ki, 70-ci illərdə “dənizkənarı idarə”yə çağırılan universitet tələbələrindən birinin suçlanmasının “baiskarı” Sənin əsərlərindən birinin çox az (əslində, o vaxtlar üçün də ən çox - 80 min) tirajla çap edilməsi olmuşdu. O tələbədən soruşmuşdular ki, niyə ictimai yerlərdən birində (çayxanada!) ağzını allah (o vaxtlar Allah kiçik hərflə anılırdı) yoluna qoyub deyirmişsən: “Sovet-sosialist bərabərliyi budurmu ki, eyni istedad və zəhmətlə yazılmış “Sakit Don” 80 milyon, “Dəli Kür” isə 80 min tirajla buraxılır?! Şoloxov üç milyon manat qonorar almalıdır, Şıxlı otuz min?!.”
   Sənin yaradıcılıq portretindən dərs söyləmək mənlik deyil, müəllim! Əslində, indilik deyil. Bu məsələ bütöv bir sessiya işidir ki, sağlıq olsun...
   Heç Sənin şəxsiyyət portretindən də bir əməlli dərs yaza bilmədim, İsmayıl müəllim. Çox təəssüflər ki, yuxarıda bir “piştaxta”sına toxunduğum “Azərbaycan “bazar”ında bu sarıdan (və bu sıradan) tarixən kasadlıq olub - Füzulinin göydə qalan “salam”ından üzü geri, Mirzə Cəlilin sobada yandırdığı kəlamından üzü bəri, Məmməd Arazın “Görüm ayılmasın - gec ayılanlar!” qarğışından yönü Güneyə, Dərbəndə, İrəvan xanlığına, Borçalı mahalına, Qarabağa...
   Şəxsiyyət millətdə çox ciddi məsələdir, İsmayıl müəllim. Yenə bir zərb-məsəl tərsi: “Yüz yazanın olunca, sözükeçən bir ozanın olsun”.
   Aləminlə bütün qələmlərdən, cəmi fırçalardan daha canlı yaratdığın avtoportretinə bağır basaraq, 1995-ci il iyulun 26-da getdiyin ruhlar aləminə qəni-qəni rəhmət, milli qənimət Kişi, böyük İsmayıl müəllim!
   
   Tahir Abbaslı