Travel.ru portalı bu il rusiyalı turistlərin istirahət üçün hansı istiqamətlərə üstünlük verdiyini araşdırıb. Bakı rusiyalıların ən çox səyahət etdikləri şəhərlər onluğuna daxil edilib. Reytinq turizm agentliklərinə müraciət etmədən, sərbəst səyahət edən rusiyalıların 2015-ci ildə bron etdikləri hotellərlə bağlı məlumatlar əsasında tərtib edilib. İlk onluğa Bakı ilə yanaşı Minsk, Kiyev, Almatı, Astana, Daşkənd, Kişinyov və digər MDB şəhərləri daxildir.
Saytın məlumatına görə, rusiyalı turistlər Bakıda hotelə günü orta hesabla 78 dollar sərf ediblər. Minskdə bu məbləğ 73 dollar, Kiyevdə 87 dollar, Almatıda 84 dollar olub. MDB ölkələrinin ən bahalı paytaxtı Astana (günü 115 dollar), qiymət baxımından ən sərfəli paytaxtı isə Bişkek (günü 30 dollar) hesab edilib.
Yay mövsümünün yekunlarına görə, Azərbaycanın Xaçmaz rayonundakı Nabran kurort qəsəbəsi rusiyalıların istirahət etdikləri yerlər siyahısında ilk beşliyə daxil olub. Bu sırada birinci yeri Qırğızıstanın İssık-Kul kurortu tutub.