Ölkəmizin stendinə Fransanın dövlət katibi də daxil olmaqla çoxsaylı ziyarətçilər baş çəkib, bir sıra işgüzar razılaşmalar əldə olunub
Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Fransanın paytaxtı Parisdə "Top Resa 2015" beynəlxalq turizm sərgisi işə başlayıb. Sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Heyətə "Geo travel", "Gilan travel", "SW travel" turizm şirkətlərinin təmsilçiləri də daxildir.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 34 kvadratmetr sahədə stend qurulub. Stendimiz ziyarətçi və sərgi iştirakçılarına paylanması üçün ingilis və fransız dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub. Həmçinin mədəniyyətimiz, tariximiz və turizm imkanlarımızdan bəhs edən videoçarxlar nümayiş olunur.
Qeyd edək ki, Azərbaycan stendi sərginin ilk günündən böyük maraq doğurub, ziyarətçilərlə işgüzar görüşlər keçirilib, turizm şirkətlərimizin xarici şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb.
Sərginin açılış mərasimindən sonra ölkəmizin stendini Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Fekl ziyarət edib. Dövlət katibi Azərbaycan pavilyonu ilə tanış olub, nümayəndə heyəti ilə söhbət edib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Matias Feklə ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən işlər, sərgidə təqdim olunan xidmət və məhsullar barədə məlumat verib. Sərginin ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da inkişafına töhfə verəcəyi vurğulanıb.
Sərgi çərçivəsində Fransanın Turizm Agentliklərinin Milli Assosiasiyasının (SNAV) prezidenti Jean Pierre Mas ilə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyası (AZTA) idarə heyətinin üzvü Şirzad Əfəndiyev arasında görüş keçirilib, əməkdaşlıq haqqında sənədin Bakıda imzalanması barədə razılıq əldə olunub.
Eləcə də Fransanın tanınmış "Alesta voyage" şirkəti ilə Azərbaycanın "Silk Way" şirkəti arasında ölkəmizə turistlərin cəlb edilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.
Bu il sentyabrın əvvəlində Bakıda səfərdə olan “Challenge Tourisme” ixtisaslaşmış turizm assosiasiyasının üzvləri də “Top Resa 2015” beynəlxalq turizm sərgisində Azərbaycan pavilyonuna baş çəkiblər. Assosiasiyanın prezidenti Lucien Saleminin rəhbərlik etdiyi nümayəndə heyətinin mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşündə Bakı səfərinin nəticələri barədə fikir mübadiləsi aparılıb, turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sərgi çərçivəsində “Novotel”, “Ibis” və digər hotelləri birləşdirən “Accor” mehmanxanalar şəbəkəsinin inkişaf departamentinin baş direktoru Qoran Buşan ilə də görüş keçirilib. Görüşdə Azərbaycanda iki və üçulduzlu brend mehmanxanaların tikilməsi məqsədilə bu ilin sonunda Bakıda yerli sahibkarlar üçün geniş təqdimatın keçirilməsi haqqında razılıq əldə olunub.
Bundan əlavə, "Euronews" telekanalı, "Air France", "SNCF Voyages" şirkətləri, "Atout France" təşkilatı, Fransa Turizm Menecerlərinin Assosiasiyası (AFTM), Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) nümayəndələri ilə görüşlər keçirilib və gələcək əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.
Turizm təhsili ilə bağlı faydalı görüşlər
Sərgi çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov və EM Strasburq Biznes Məktəbinin magistratura şöbəsinin müdiri professor Herbert Kosterau arasında görüş keçirilib.
Görüşdə turizm sahəsində çalışan müəllim heyətlərinin mübadiləsi və elmi araşdırmaların aparılması, 2016/2017 tədris illərində fransız və ingilis dilli tələbələrin mübadiləsi və onların təqaüd almaq imkanları, eləcə də diplomların qarşılıqlı tanınması məsələsi müzakirə olunub.
"Escaet" Biznes Məktəbinin baş direktoru Marie Allantaz ilə görüşdə isə bu tədris ocağında bakalavr və MBA təhsili ala biləcək azərbaycanlı tələbələr üçün təqaüdlərin ayrılması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sorbon Universitetinin Turizm üzrə Ali Təhsil və Tədqiqatlar İnstitutunun (İREST) direktoru, UNESCO-nun turizm, mədəniyyət və inkişaf kafedrasının və UNITWIN-UNESCO şəbəkəsinin əlaqələndiricisi Maria Gravari-Barbas ilə görüş zamanı müəllimlərin və tələbələrin mübadiləsi, ikili diplomların verilməsi, turizm sənayesi nümayəndələri üçün 4 aylıq kurslarda iştirak məsələləri üzrə danışıqlar aparılıb.
* * *
Parisdə "Top Resa 2015" beynəlxalq turizm sərgisi ölkəmiz üçün bir mühüm məqamla da əlamətdar olub.
Xatırladaq ki, münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən təklif edilmiş qətnamə Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının 2015-ci ilin 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında qəbul edilmişdir. "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnamə sayəsində Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun "Top Resa 2015" beynəlxalq sərgisində təbliğinin qarşısı alınmışdır.
Əlavə edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin turizm şirkətləri artıq yeddinci dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edirlər. Bu il Paris sərgisində 160 ölkənin 365 stendi qurulub. Sərgi oktyabrın 2-də başa çatacaq.