Layihə çərçivəsində “ATMU kataloqu” hazırlanıb
Oktyabrın 5-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanda turizm təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək” pilot layihəsi çərçivəsində tərtib edilən “ATMU kataloqu” müzakirə olunub.
Layihə ali təhsil ocağının sosial tərəfdaşı sayılan “Turizmin İnkişafına Kömək” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilib.
Layihənin müzakirəsi zamanı ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov kataloqun əhəmiyyətindən söz açıb. Qeyd edib ki, ölkə universitetləri üçün pilot layihə sayılan kataloqun tərtibində ATMU-nun təcrübəli əməkdaşlarının təklif və rəylərinə, o cümlədən xarici ölkə universitetlərinin çoxillik təcrübəsinə istinad olunub. Toplu tədris ilinə uyğun olaraq yenilənmək şərti ilə davamlı nəşr olunacaq.
Daxili prosedur qaydaların əks olunduğu kataloq əsasən universitet tələbələri, müəllim və inzibati heyətdə çalışan əməkdaşlar üçün nəzərdə tutulub. Kataloq 50 səhifə olmaqla 8 bölmədən ibarətdir.
Birinci bölmə Turizm və Menecment Universitetinin yaranması, fəaliyyət istiqaməti, missiyası, dəyərləri və əsas hədəflərinə həsr olunub. Növbəti bölmədə universitetin strukturu - rektorluq, elmi şura, fakültələr, kadr hazırlığı aparılan ixtisaslar, kafedralar, şöbələr və mərkəzlər haqqında məlumat verilir. Üçüncü bölmə tələbələr üçün universitetə giriş hesab edilən qeydiyyat məsələsinə həsr olunur. “Akademik siyasət” bölməsində təhsil alanın tədris prosesində qarşılaşdığı əsas akademik addımlar və hadisələr mövcud qaydalar əsasında izah olunur. Digər bölmə “Qiymətləndirmə və imtahanların keçirilməsi” adlanır.
Kataloqda həmçinin “Tələbə həyatı”, “Beynəlxalq əlaqələr” və “Akademik təqvim” bölmələri yer alıb. Son bölmədə tələbələr illik və semestr dərslərinin cədvəli, aralıq, final və yekun dövlət imtahanlarının, o cümlədən istehsalat təcrübəsi və yay semestrinin nəzərdə tutulan vaxt çərçivələrini dəqiqliyi ilə öyrənə bilərlər.
Onu da qeyd edək ki, “ATMU kataloqu” bir neçə il əvvəl çap olunan “Tələbələr üçün yaddaş kitabçası” formasında tərtib edilib.
Fariz Hüseynov