Görüşdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunub
29-30 sentyabr tarixində Türkiyənin Antalya şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) T20 (G20 ölkələri turizm nazirləri toplantısı) 6-cı nazirlər görüşü keçirilib. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sentyabrın 29-da Türkiyənin sədrliyi ilə G20 qrupunun üzvü olan, eləcə də dəvət edilən ölkələrin turizm nazirlərinin toplantısı işə başlayıb. Azərbaycanın xüsusi dəvətli qonaq statusunda təmsil olunduğu tədbiri Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu açıq elan edib. Daha sonra çıxış edən Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai dünyada turizmin iqtisadiyyatın əhəmiyyətli bir sahəsi kimi artan rolundan danışıb, G20 qrupunun səmərəli fəaliyyətinin yaxın gələcəkdə üzv və dəvətli ölkələrin sosial həyatına böyük töhfələr verəcəyinə inamını bildirib.
Sentyabrın 30-da Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə çıxış edib. O, ilk növbədə dünyanın aparıcı dövlətlərinin beynəlxalq iqtisadi əməkdaşlıq məsələləri üzrə qərar qəbuledici forumu olan G20 platformasına Azərbaycan Respublikasının dəvət olunmasına görə Türkiyə hökumətinə minnətdarlığını bildirib. Sonra Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində ildən-ilə artan paya sahib olan turizm sənayesinin əsas göstəriciləri haqqında məlumat verib. Azərbaycanın son illərdə turizm sahəsində əldə etdiyi uğurlardan danışan Vaqif Əliyev ölkəmizin BMÜTT ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Konfransın sonunda T20 ölkələri arasında turizm, kiçik və orta sahibkarlıq və məşğulluq məsələlərinə dəstək siyasətinin hazırlanmasına dair deklarasiya imzalanıb.
Qeyd edək ki, G20 formatında dünyanın inkişaf etmiş, habelə əhali və ərazisinə görə böyük 19 ölkəsi və Avropa İttifaqı təmsil olunur. Bu il noyabrın 15-16-da Antalyada keçiriləcək G20 zirvə toplantısına bir neçə ölkə, o cümlədən Azərbaycan dəvətli statusu ilə qatılacaq.