Sentyabrın 29-30-da Rusiyanın Yekaterinburq şəhərində keçirilən VI Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan Turizm Assosiasiyasının Dağıstan Turizm Komitəsi və Sverdlovsk vilayətinin Turizmin İnkişaf Mərkəzi ilə əməkdaşlıq sazişləri imzalanıb.
Azərbaycan Turizm Assosiasiyasından verilən məlumatda bildirilir ki, sənədləri qurumun idarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov, Dağıstan Turizm Komitəsinin sədri Vitali Demçenko və Sverdlovsk vilayətinin Turizmin İnkişaf Mərkəzinin direktoru Elmira Tukanova imzalayıblar.
Bundan başqa, AZTA təmsilçisi Yekaterinburq şəhərinin aparıcı turizm şirkətləri olan “Europrt”, “Russki ekspress”, “Profitravel” və Həştərxan şəhərinin “Urauda Tur” turizm şirkəti ilə də gələcək birgə fəaliyyət barədə danışıqlar aparıb.
Tədbir çərçivəsində Müzəffər Ağakərimov Ural Turizm Assosiasiyasının icraçı direktoru Mixail Maltsevlə görüşərək ətraflı fikir mübadiləsi aparıb.
Qeyd edək ki, VI Azərbaycan-Rusiya Regionlararası Forumunda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də iştirak edib. Forum çərçivəsində Azərbaycan və Rusiyanın turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Turizm sahəsində yeni əməkdaşlıq imkanları" mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masanın Azərbaycan tərəfindən həmsədri nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev Azərbaycanın turizm potensialına həsr olunmuş təqdimatla çıxış edib.
Fariz Hüseynov