Kataloqun bu sayında 143-cü teatr mövsümünün başlanması ilə bağlı geniş repertuarın təqdimatına, eləcə də paytaxtın mədəni, işgüzar həyatını əhatə edən tədbirlərə, müxtəlif mövzularda yazılara yer verilib.
25 oktyabr - 3 noyabr tarixlərində Bakıda keçiriləcək ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunacaq konsertlərin afişası, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalının yekunları barədə material musiqisevərlər üçün xüsusilə maraqlı olacaq.
Həftəsonu turlarla bağlı məlumat isə həm yerli, həm də əcnəbi turistlərin istirahətlərini maraqlı və yaddaqalan keçirmələrinə kömək olacaq. Mənalı istirahət və ekoturizm həvəskarları üçün əsrarəngiz məkan olan Göygöl Milli Parkı, ölkəmizin müxtəlif regionlarında təşkil olunan məhsul bayramları (Qubada alma, Göyçayda nar bayramları) haqqında materiallar da bələdçi kataloqunun bu sayında yer alıb. "Qalaaltı Hotel və Spa" haqqında material isə müalicə turizmi həvəskarlarının diqqətini cəlb edəcək.
Kataloqda həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 16-18 sentyabr tarixlərində təşkil olunan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə bağlı təəssürat yazısı verilib.
18 oktyabr - Müstəqillik Günü ilə bağlı məlumat təqvimimizin bu əlamətdar səhifəsindən söz açır.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Kinoafişa bölməsində paytaxtın aparıcı kino nümayişi mərkəzlərində yayımlanan filmlər haqqında qısa məlumatlara yer verilib. Gənclər maraqlandıqları əyləncə gecələri və partilər haqqında məlumatları "Events" bölməsindən əldə edə bilərlər. "Azərbaycan mətbəxi" rubrikasında oxucular bu dəfə qutabın hazırlanma qaydası ilə tanış olacaqlar.
Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi, çağrı mərkəzləri və s. barədə məlumat almaq mümkündür.