Oktyabrın 5-dən 7-dək “Özbəkturizm” milli şirkəti, “Böyük İpək yolu” reklam agentliyi və BMT-nin Dünya Turizm Təşkilatının təşəbbüsü ilə Daşkənddə “Böyük İpək yolu ilə turizm” adlı XXI beynəlxalq turizm yarmarkası və konfransı keçirilib. Builki tədbir “Mədəni irsin qorunması turizmin inkişafına töhfə kimi” devizi altında gerçəkləşib.
Dünyanın müxtəlif ölkələrindən turizm firmaları və şirkətlərin qatıldığı yarmarkada Özbəkistanın regionlarının turizm imkanları geniş təqdim olunub. Qeyd olunub ki, ölkədə 1279 turizm təşkilatı fəaliyyət göstərir.
Beynəlxalq konfransda iştirak edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Könül Cəfərova tədbirdə ölkəmizin tarixi memarlıq abidələri və turizm potensialı ilə bağlı ətraflı danışıb. Qeyd olunub ki, bu gün Azərbaycanda 6308 memarlıq abidəsi qeydə alınıb. Hazırda nazirlik tərəfindən tarix və mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması üzərində iş gedir.
K.Cəfərova məruzəsində İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan Milli Tarix-Bədii Qoruğu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu və digər abidələr haqqında məlumat verib. Bildirib ki, Azərbaycan hökuməti tarixi-mədəni abidələrin qorunması, öyrənilməsi sahəsində məqsədyönlü iş aparır.