Oktyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyində ölkəmizin 29 sentyabr - 2 oktyabr tarixlərində Parisdə keçirilən "Top Resa" beynəlxalq turizm sərgisində iştirakının yekunlarına həsr olunmuş görüş keçirilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin əməkdaşları, ölkəmizi sərgidə təmsil etmiş şirkətlərin, turizm sənayesinin digər nümayəndələri iştirak edib.
Görüşdə Fransanın Turizm Agentliklərinin Milli Assosiasiyası (SNAV) ilə birgə bu ilin 9 noyabr tarixində Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialına dair təqdimatın keçirilməsi, iki ölkənin turizm sahəsində fəaliyyət göstərən şirkətləri arasında B2B formatında görüşlərin təşkili, eləcə də nazirlik, Azərbaycan Turizm Assosiasiyası və SNAV arasında anlaşma memorandumunun imzalanması məsələsi də müzakirə edilib.
"Silk Way travel" şirkətinin direktoru Şirzad Əfəndiyev təmsil etdiyi şirkətin ölkəmizə daha çox xarici turistlərin gəlməsini təmin edəcək yeni kampaniyası barədə məlumat verib.
Fransa paytaxtında keçirilən "Top Resa 2015" beynəlxalq sərgisi zamanı Azərbaycanın stendində ölkəmizin turizm imkanları, mədəni irsimizlə bağlı ziyarətçilərə məlumatlar verilib, fransız və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub, habelə işgüzar görüşlər keçirilib. Bu il "Top Resa 2015" sərgisində 160 ölkə iştirak edib.