Ölkəmizi Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov təmsil edib
Mərakeş Krallığının Kasablanka şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının növbəti, 6-cı illik toplantısı keçirilib.
29 ölkədən 200 universitetin daxil olduğu konsorsiumun toplantısında Türkiyə, Pakistan, İtaliya, Gürcüstan, Hindistan, Çin, ABŞ, Fransa, Malayziya, Bolqarıstan və s. ölkələrin ali məktəb rəhbərləri, eləcə də ölkəmizdən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov iştirak edib.
İclasda üzv ali təhsil müəssisələri arasında elmi şəbəkənin inkişaf etdirilməsi, “İpək Yolu təhsili və elm karvanı”na dair yeni ideyalar, elm və texnologiya üzrə tematik forum və İpək Yolu mədəniyyətləri, ali təhsildə ən yaxşı idarəetmə təcrübələri, birgə tədqiqat layihələrini və başqa mövzuları müzakirə ediblər. Toplantıda qlobal və regional iqtisadiyyat, distant təhsilin əhəmiyyəti, İpək Yolu coğrafiyasında regional problemlərin turizmə təsiri, eləcə də regionda enerji layihələri və sair mövzularda aktuallığı ilə diqqətçəkən məruzələr dinlənilib.
Tədbir çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti ilə Mərakeşin Kasablanka II Həsən Universiteti arasında “Ali təhsildə mükəmməlliyin təbliğinə təkan verən” anlaşma memorandumu, habelə Türkiyənin Çanaqqala 18 Mart Universiteti ilə əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Qeyd edək ki, 2010-cu ildə əsası qoyulan Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun məqsədi İpək Yolu üzərində yerləşən ölkələrdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, akademik inkişafın dəstəklənməsi ilə zəngin mədəni irsin bərpası və qorunması, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsidir.
Fariz