Oktyabrın 13-də 5 nömrəli Bakı Peşə Liseyində mehmanxana inzibatçısı ixtisası üzrə kadrların hazırlanmasına dair yeni layihənin təqdimat mərasimi keçirilib.
Layihə Təhsil Nazirliyi, “British Council” və Abşeron Hotellər Qrupunun birgə əməkdaşlığı ilə icra olunur. Təqdimatda təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council”un ölkəmiz üzrə direktoru Elizabet Vayt, Abşeron Hotellər Qrupunun idarəedici direktoru Mark Ehler iştirak ediblər.
Layihə üzrə 5 nömrəli Bakı Peşə Liseyində mehmanxana inzibatçısı ixtisası üzrə yeni proqram həyata keçiriləcək. Proqram müəllimlərin potensialının artırılmasına, milli standartlara uyğun kurikulumun hazırlanmasına və şagirdlərin praktik bacarıqlarının inkişafına əsaslanan təcrübə proqramlarının həyata keçirilməsinə imkan yaradacaq. Pilot layihə olaraq həyata keçiriləcək bu proqram 2015-2016-cı tədris ilini əhatə edəcək.
Dövlət-biznes əməkdaşlığını özündə birləşdirən bu layihə çərçivəsində şagirdlər təhsil aldıqları müddətdə iş təcrübəsi keçəcəklər. Müəllimlər üçün nəzərdə tutulmuş təlimlər və kurikulumların hazırlanması prosesinə isə Böyük Britaniyadan dəvət olunan mütəxəssislər cəlb olunacaq.
Layihənin davamlılığını təmin etmək üçün 2016-2017-ci il tədris ilində 5 nömrəli Bakı Peşə Liseyində 1 illik mehmanxana inzibatçısı ixtisası üzrə müasir təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.