Beynəlxalq əlaqələr genişlənir

Noyabrın 2-də Moskvada Turizm və Xidmətyönlü Ali Təhsil Müəssisələri Assosiasiyası və Rus Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə iclas keçirilib.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva da iştirak edib.
Kadr hazırlığının keyfiyyətinin qiymətləndirilməsi, təhsil və əmək sahələrinin qarşılıqlı fəaliyyəti, peşəkar təhsil proqramlarının peşəkar-ictimai akkreditasiyası kimi məsələlər geniş müzakirə olunub. İclasda həmçinin turizm sahəsində ali təhsillə yanaşı peşə ixtisasına dair müzakirələrə də geniş yer ayrılıb. Peşə ixtisasına yiyələnən şagirdlər üçün təşkil olunan müsabiqə və olimpiadaların əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.
Sonda Rus Coğrafiya Cəmiyyətinin 170 illiyinə həsr olunan “Tələbənin ən yaxşı elmi tədqiqat işi” və “Pedaqoji ustalıq” müsabiqələrinin qalibləri elan olunaraq mükafatlandırılıblar.


İctimai birliklə əməkdaşlıq memorandumu imzalanıb

Noyabrın 5-də Azərbaycan Turizm və Menecment Universitetinin biznes idarəçiliyi fakültəsində “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib. Fakültənin dekanı Sənan Əliyev və ictimai birliyin icraçı direktoru Fəxrəddin Həsənzadə müasir dövrdə Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün təlim proqramlarının və kadr potensialının formalaşdırılmasının əhəmiyyəti barədə danışıb. Elm, tədris və təcrübənin uzlaşdırılmasını təmin etmək məqsədilə əməkdaşlığın artırılmasının vacibliyi vurğulanıb.
Dekan qonaqlara fakültədə tədris prosesi və həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Sonda ATMU-nun biznes idarəçiliyi fakültəsi ilə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Fariz Hüseynov