Azərbaycan Turizm və Menecment Universitetində məşğulluq yarmarkası

Noyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində “Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası keçirildi.

Tədbir ali təhsil müəssisələrinin yuxarı kurs tələbələrinin və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədi daşıyırdı.
Yarmarkanın açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə tədbirlərin əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclərimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Nazir müavini ümidvar olduğunu bildirdi ki, vakant iş yerləri təqdim edən şirkətlərin əsasən turizm sənayesi və ona yaxın sahələrdən olması Turizm və Menecment Universitetinin tələbələri və məzunları üçün karyera baxımından önəmli addım olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirdi ki, ölkə Prezidentinin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrdən biri də gənclərin məşğulluğunun artırılmasıdır. Xidmət tərəfindən həyata keçirilən aktiv məşğuluq tədbirlərində gənclərin iştirakına xüsusi önəm verilir. Təkcə bu ilin 9 ayında məşğulluq orqanları tərəfindən münasib işlə təmin olunanların 41 faizini (9235 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 75,4 faizini (2094 nəfər), əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilənlərin 45 faizini (1389 nəfər) gənclər təşkil edib. Həmçinin bu dövrdə 72857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik üçün peşəyönümü məsləhətlər verilib.
Qeyd olundu ki, 2015-ci il ərzində Dövlət Məşğulluq Xidməti 6 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında tədbirlər keçirib, bu tədbirlərdə 254 nəfərə vakant iş yerlərinə göndəriş verilib.
Yarmarkada 55 özəl və 4 dövlət sektoruna aid ümumilikdə 59 müəssisə tərəfindən 262 vakant iş yeri tələbə və məzunların seçiminə təqdim edilmişdi. Vakant iş yeri təqdim edilən müəssisələrin nümayəndələri tələbə və məzunlara mövcud əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumatlar verirdilər. Gənclər isə işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları CV vasitəsilə təqdim edirdilər.
Tədbiri işəgötürənlər üçün də faydalı hesab etmək olar. Çünki onlar bununla gələcəkdə bu və ya digər ixtisaslar üzrə işə qəbul edəcəkləri kadrların seçimini aparmaq imkanı əldə edirlər. Təklif olunan vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, ixtisasartırma kurslarına və ya boş vaxtları ərzində əmək birjası vasitəsilə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər də qeydiyyata alınır.

F.Hüseynov