Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Siyəzən rayonu ərazisində yeni körpü və yol ötürücülərinin inşasına başlanılıb. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrindən “Qalaaltı” istirahət kompleksi istiqamətində çəkiləcək yeni yolun tikintisi ilə əlaqədar ilkin olaraq 5 yol ötürücüsünün inşası nəzərdə tutulub.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib ki, yolun bütün göstəriciləri layihə təsdiqlənəndən sonra tam dəqiqliyi ilə müəyyənləşəcək. Hələlik isə yolun inşası ilə bağlı hazırlıq işləri aparılır.
Qeyd edək ki, “Qalaaltı Hotel & SPA” kompleksinin açılışı bu ilin avqustunda keçirilib. Kompleks Bakının 127 kilometrliyində, Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. 5 ulduzlu hotel, 4 kiçik hotel binası, villa və kotteclərin daxil olduğu kompleks eyni zamanda ümumilikdə 350 nəfərədək qəbul edə bilər. Mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya kabinetləri, masaj və palçıq applikasiya otaqları var. Ziyarətçilərə həmçinin SPA xidmətləri təklif edilir. Sauna, türk hamamı, bio-sauna, buxar və ekzotik duş otaqları, kosmetoloji prosedurlar kabineti fəaliyyət göstərir. Burada yaradılan qar otağı da qonaqların ixtiyarındadır.