“Bakı 2015” Avropa Oyunları haqqında tədqiqat layihəsinin nəticələri açıqlanıb
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) maliyyə dəstəyi ilə “Park inn” hotelində “Meqa tədbirlərin ev sahibliyi edən ölkənin iqtisadiyyatı və imicinə təsirinin qiymətləndirilməsi. Praktiki təhlil: “Bakı 2015” Avropa Oyunları” adlı tədqiqat layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.
“Özəl sektorun inkişaf” proqramı çərçivəsində həyata keçirilən layihə Azərbaycan Turizm və Menecment Universitetinin Tədqiqat və inkişaf şöbəsinin turizm mütəxəssisi Ləman Soltanova və Almaniyanın “GFA Consulting Group” un əməkdaşı Julius Arnegger və Almaniyanın Grayfsvald Universitetinin professoru Marius Mayerin birgə işidir.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, GİZ-in ölkə üzrə rəhbəri Sonia Fountaine, turizm sektorunun nümayəndələri iştirak ediblər.
Layihənin təqdimatından sonra yekun nəticələr iştirakçılar tərəfindən detallı müzakirə edilib.
Azərbaycanın yaxın gələcəkdə ev sahibliyi edəcəyi “Formula 1” üzrə Avropa Qran-pri yarışı, IV İslam Həmrəylik Oyunları kimi böyük tədbirlərə dair strateji tövsiyələr planının hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlara təqdim olunması qərara alınıb. Həmçinin bu istiqamət üzrə tədqiqatların davamlı aparılmasının vacibliyi qeyd olunub.
Fariz Hüseynov