Elmi-texniki yeniliklər və inkişaf edən informasiya texnologiyaları insan həyatını asanlaşdırmaqda davam edir. Bu gün smartfon tipli mobil telefonlara yüklənən proqramlar vasitəsilə bir çox məlumatlara çıxışı vaxt itirmədən, daha asan əldə etmək mümkündür.

Azərbaycanla da bağlı belə mobil proqram tətbiqləri mövcuddur. Bu yaxınlarda onların sırasına “Salam Bakı!” adlı mobil tətbiq əlavə olunacaq. Proqram Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə yaradılan bələdçi xidmətinin (“Baku Guide Service”) yeni layihəsi əsasında hazırlanır.
AZTA sədrinin müşaviri Müzəffər Ağakərimovun verdiyi məlumata görə, “Salam Bakı!” audio-gid xidməti göstərəcək. Başqa sözlə, Bakının mərkəzi hissələrinin izahlı yerləşməsini təsvir edən bu GPS audiogid turistlərə lazım ola biləcək marşrutları, memarlıq abidələri və gəzmək üçün maraqlı yerlər haqqında səsli məlumat verəcək. Turistlər bu bilgiləri müxtəlif dillərdə dinləyə biləcəklər.
“Salam, Bakı!” tətbiqində paytaxtda turistlərin münasib qiymətə qala biləcəkləri hotellərin siyahısı yerləşdiriləcək. Bütün ünvanlar isə “Dayancaqlar” üzrə qruplaşdırılacaq. Tətbiqdəki məlumatlar audio izahla yanaşı, fotoşəkil və xəritə ilə də izah olunacaq. Nəticədə Bakı şəhərində gəzən turistlərin ünvanı tapması asanlaşmış olacaq. Turist gedəcəyi yeri tətbiq vasitəsilə seçərək, səsli izahla həmin yeri tapa biləcək. Yaxın vaxtlarda mobil tətbiqi yükləmək mümkün olacaq.
Axtarış zamanı Azərbaycana aid turistlərin rahat şəkildə istifadə edə biləcəyi bir neçə tətbiqə də rast gəlmək olar. “Baku mobil info” Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Bu tətbiqin asan işləmə sistemi var. 6 bölmədən ibarət tətbiqin “yerlər” bölməsində muzeylər, xəstəxanalar, hotellər və bankların ünvanları qeyd olunur. “Məlumat kitabçası” bölməsində ölkə və şəhərlərin telefon kodları, Bakı şəhərində yerləşən poçtların ünvan və telefonları təqdim olunur. “Görməyə dəyər” adlı bölmədə Bakı və onun ətraf ərazilərində yerləşən tarixi abidlərin ünvanları və əlaqə nömrələri göstərilib. İstifadə qaydaları asan olan bu mobil tətbiqi “play store”dən ödənişsiz yükləmək olar.
Bu tip tətbiqlərdən biri də “Baku travel guide & map”dir. Bu tətbiq vasitəsilə Bakının bütün məntəqələrini, tarixi yerlərini, muzey, restoran və hotellərini xəritə üzərində görmək olar. Burada həmçinin minik maşınlarının kirayələnməsi və hava durumu ilə bağlı da məlumatlar yer alır.
Azərbaycanın ilk mükəmməl elektron xəritəsi olan “Gomap”in tətbiq versiyası da həm turistlər, həm də yerli vətəndaşlar üçün maraqlı ola bilər. Bu tətbiq vasitəsilə ölkəmizin bütün regionlarını və orada yerləşən obyektləri asanlıqla tapmaq mümkündür. Xəritə üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

Fariz Hüseynov