Elektron viza verilməsi vaxtının qısaldılması ölkəmizə gəlmək istəyən turistlərin sayını artıracaq

Məlum olduğu kimi, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən 2013-cü ilin 15 mart tarixindən Azərbaycana gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Elektron turist vizası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın tələblərinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir. İndiyədək elektron turist vizası almaq üçün maksimum 10 gün gözləmək lazım gəlirdi. Prezident tərəfindən imzalanan müvafiq qanunla Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində edilən dəyişiklikdən sonra bu müddət iki dəfə azaldılaraq 5 günə endirilib.
Jurnalistlərə bu yeniliyi şərh edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dəyişikliyin xarici turistlərin Azərbaycana cəlb edilməsi üçün atılan addımlardan biri olduğunu vurğuladı: “Bildiyiniz kimi elektron viza sistemi tətbiq ediləndən sonra ölkəmizə turist qismində səfər etmək istəyən əcnəbi vətəndaşlar akkreditasiyadan keçmiş turizm şirkətlərinin birinə telefon, e-mail və ya turizm şirkətlərinin veb səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edir, tələb olunan sənədləri təqdim etməklə və dövlət rüsumunu ödəməklə e-mail vasitəsilə elektron turist vizasını əldə edə bilirlər. Miqrasiya Məcəlləsində edilən dəyişiklik ölkəmizə gəlmək istəyən xarici turistlərin sayının artmasına öz müsbət təsirini göstərmiş olacaq”.
Əbülfəs Qarayev diqqətə çatdırdı ki, “Azərbaycan turizminin inkişaf strategiyası” hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin qeyd etdi ki, Azərbaycan turizm marketinqi strategiyası da yeni, müasir tələblər üzərində qurulur. Yaxın vaxtlarda Rusiyada və Türkiyədə Azərbaycanın turizm təmsilçiliyinin açılması nəzərdə tutulub. Əbülfəs Qarayev onu da bildirdi ki, martın 5-dən 7-dək ilk dəfə olaraq Bakıda Lüsern Dünya Turizm Forumunun “Beyin mərkəzi”nin növbəti toplantısı (WTFL Think Tank) keçiriləcək. Tədbirə bir neçə ölkənin turizm naziri, transmilli korporasiyalar, hava yolları şirkətləri və qlobal qeyri-hökumət təşkilatlarının rəhbərlərinin qatılacağı gözlənilir.

Fariz