Novruz bayramı ərəfəsində, yaz və yay tətillərində istirahət üçün ən müxtəlif təkliflər

Martın 5-də “Park Bulvar” ticarət mərkəzinin 1-ci mərtəbəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən 4-cü “Mövsüm səyahət yarmarkası” keçiriləcək.
Yarmarka saat 11:00-da başlayacaq və 20:00-dək davam edəcək, məşhur şəxslərin iştirakı ilə əyləncəli tədbirlərlə müşayiət olunacaq.
Müştərilərə Novruz bayramı ərəfəsində, yaz və yay tətillərində xoş və maraqlı vaxt keçirmək üçün təkliflər təqdim olunacaq.
Yarmarkada turizm agentliklərinin endirimləri, erkən bronlaşdırmalar və turizm marşrutları haqqında məlumat veriləcək. Tədbir çərçivəsində müxtəlif müsabiqə, lotereya və oyunların keçirilməsi planlaşdırılır. Müsabiqə qaliblərinə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanın hotellərinə tur məhsulları təqdim olunacaq.
4-cü “Mövsüm səyahət yarmarkası”nda ölkənin 20-dən çox turizm şirkətinin nümayəndələri tərəfindən müştərilərin suallarına cavab veriləcək, bütün arzu və təkliflər nəzərə alınaraq uyğun tur seçimində yaxından köməklik göstəriləcək.