Şamaxı rayonuna infotur zamanı iştirakçılar yerdən göyəcən zəngin təəssürat aldılar
Xəbər verdiyimiz kimi, 3-4 mart tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şamaxı rayonuna astro-turizm marşrutu üzrə infotur keçirildi. Daxili turizm üzrə ixtisaslaşmış 30-dək şirkətin iştirak etdiyi səfər Şamaxı rayonunun turizm infrastrukturu və turizm marşrutlarının tanıdılması məqsədi daşıyırdı.
İnfotur iştirakçıları "Diri Baba" türbəsini və Şamaxı Cümə məscidini ziyarət etdikdən sonra AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə yaxından tanış oldular.
Öncə rəsədxanada yaradılmış muzeyə baş çəkdik. Muzey 2011-ci ildə istifadəyə verilib. Burada astronomiya sahəsində müxtəlif dövrlərdə həyata keçirilən elmi tədqiqatların nəticələri sərgilənir. Muzeyin ən qiymətli eksponatı isə 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşən, tərkibi 92 faiz dəmirdən ibarət olan 128 kiloqramlıq meteoritdir.
Rəsədxananın baş mütəxəssisi Müşfiq Hüseynov məlumat verdi ki, rəsədxana AMEA Fizika İnstitutunun Astrofizika sektoru bazasında 1960-cı ildə yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası dünyanın ən böyük rəsədxanalarından biridir. Burada səma cisimlərinin tədqiqi ilə yanaşı, seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, günəş və geomaqnit fəallığının yerüstü texnoloji sistemlərin fəaliyyətinə, insan da daxil olmaqla, bioloji orqanizmlərə təsiri öyrənilir. Rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir və çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanaları ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı ildə 190-200-ə çatır.
Qeyd olundu ki, Prezident ilham Əliyevin 5 sentyabr 2008-ci il və 21 iyul 2009-cu il sərəncamları ilə Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni mərhələ başlanıb, rəsədxananın maddi-texniki bazası möhkəmləndirilib, əsaslı təmir və yenidənqurma işləri aparılaraq, yeni binalar və qurğular istifadəyə verilib. Yenidənqurma işlərindən sonra Şamaxı Astrofizika Rəsədxanası regionun ən güclü və ən əhəmiyyətli rəsədxanalarından birinə çevrilib: “Rəsədxanada üç əsas istiqamətdə elmi işlər görülür - ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, Günəş fizikası. Bu elm ocağında indiyədək minlərlə səma cisminin xassələri öyrənilib, rəsədxana bir sıra kosmik proqramlarda bilavasitə iştirak edib. Rəsədxana əməkdaşlarının əldə etdikləri elmi nəticələr dünya alimləri tərəfindən yüksək qiymətləndirilib, 20-dək əməkdaş bir sıra beynəlxalq elmi təşkilatlara üzv seçilib. Marsda və Ayda bir neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının adı ilə adlandırılıb”.
Daha sonra ərazidəki ən böyük teleskopla tanış olduq. M.Hüseynov məlumat verdi ki, Şamaxı Astrofizika Rəsədxanasında 6 teleskop fəaliyyət göstərir: “Rəsədxana ərazisində olan ən böyük teleskopun diametri 2 metrdir. Bu teleskop Almaniya istehsalıdır və 1966-cı ildə quraşdırılıb. Bu tip teleskop dünyada 4 ölkədə - Azərbaycan, Almaniya, Bolqarıstan və Çexiyada mövcuddur”. Qeyd olundu ki, Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri nəticəsində teleskoplar müasir texnologiyalarla təmin edilərək, tam avtomatlaşdırılıb. Qeyd edək ki, burada mövcud olan teleskoplar insan gözünün görmə qabiliyyətindən 110 milyon dəfə güclüdür.
Tur iştirakçılarına rəsədxananın turizm infrastrukturu, astro-turizm turlarının təşkili ilə bağlı təqdimat keçirildi. Bunun üçün müvafiq şərait yaradılıb. Turistlərin marağına səbəb ola biləcək “kosmos gecələri” təşkil olunacaq. Səyyar teleskoplar vasitəsilə turistlər kosmosu müşahidə edə biləcəklər. Həmçinin rəsədxananın əməkdaşları tərəfindən burada keçirilən elmi tədqiqatlarla bağlı turistlərə geniş məlumat veriləcək. Ərazidə turistlərin rahat istirahət etmələri üçün də şərait yaradılıb. 4, 6 nəfərin rahat gecələyə biləcəyi 1 və 2 mərtəbəli kotteclər fəaliyyət göstərir.
İnfotur çərçivəsində “Şimal-qərb bölgəsinin əfsanələri” adlı mədəni turizm marşrutunun təqdimatı da oldu. Mədəniyyət və Turizm Nazirliyinin yeni yaratdığı marşrut Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax, Balakən rayonlarını əhatə edəcək. Bu turizm marşrutunda əfsanələrlə bağlı tarixi abidələr ziyarət ediləcək yerlər sırasına daxil edilib. Turizm şirkətləri ilə qarşılıqlı müzakirələr aparılaraq marşruta əlavələrin olunması qərara alındı. İnfotur martın 4-də başa çatdı.
Fariz