Tələbələrin respublika elmi konfransı
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Marketinqə yeni baxış” mövzusunda tələbələrin respublika elmi konfransı keçirilib.
ATMU-nun biznes idarəçiliyi fakültəsinin dekanı Sənan Əliyev bildirib ki, konfransın keçirilməsində məqsəd tələbələr arasında elmi yaradıcılığın təbliği və yeni biliklərin əldə edilməsi kontekstində tədqiqatçı potensialına malik istedadlı və bacarıqlı tələbələrin aşkar olunmasıdır.
Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov, marketinq kafedrasının müdiri Anar Eminov elmi konfransın tələbələrin gələcək elmi fəaliyyətlərində əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
Plenar iclasda Türkiyənin Yaşar Universitetinin beynəlxalq logistika kafedrasının müdiri professor Ömer Baybars Tek və ATMU-nun marketinq kafedrasının müəllimi Elmira Hacıyevanın müasir dövrdə marketinq sahəsində baş verən yeniliklər barədə çıxışları böyük marağa səbəb olub. Konfransda 23 məruzə dinlənilib, fərqlənən tələbələrə diplom və sertifikatlar verilib.