"AİTF-2016" sərgisi çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Koreya Respublikasının tibbi turizm imkanlarının təqdimatı keçirilib. Tədbirdə hər iki ölkənin turizm şirkətləri və hotellərinin nümayəndələri iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Azərbaycanın və Cənubi Koreyanın tibbi turizm potensialının yüksək olduğunu bildirib və turizm təmsilçilərinin bu istiqamətdə əməkdaşlığının hər iki tərəfə divident qazandıracağını diqqətə çatdırıb. Sektor müdiri nazirliyin bu istiqamətdə lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu qeyd edib.
Koreya Turizm Təşkilatının İstanbul nümayəndəliyinin rəhbəri Erkan Aslantaş Azərbaycan, Türkiyə və Koreya arasında bu sahədə əlaqələrin genişləndirilməsi baxımından təqdimatın əhəmiyyətini vurğulayıb: "Çünki hər üç ölkədə tibbi turizmin çox böyük potensialı var. Azərbaycandan Cənubi Koreyaya ildə min nəfərə yaxın turist səfər edir ki, onların əksəriyyəti müalicə məqsədilə gedənlərdir. Biz çalışırıq ki, əlaqələrimizi daha da genişləndirək və qarşılıqlı turist sayını artıraq. Azərbaycan xalqı qonaqpərvər xalqdır. Bu mənim Bakıya ilk səfərim olsa da, elə bilirəm öz vətənimdəyəm".
"Millennium Tourism & Congress DMC"nin sədri Ruslan Quliyevin sözlərinə görə, Cənubi Koreya ilə Azərbaycan arasında bir çox sahələrdə əlaqələr var. Son 7 ildə isə turizm sahəsində də əməkdaşlıq templəri müşahidə olunur. Bildirib ki, hər il Mədəniyyət və Turizm Nazirliyi Seul şəhərində keçirilən beynəlxalq turizm sərgisində yer icarəyə götürür və Azərbaycanın turizm şirkətləri və hotelləri orada təmsil olunur. Bunun nəticəsidir ki, Koreyadan ölkəmizə gələnlərin sayı ildən-ilə artır. Artıq bu ölkə vətəndaşları üçün sadələşmiş viza tətbiq olunur. Körfəz ölkələri, Malayziya, Yaponiya kimi ölkələrlə bərabər, koreyalıların da vizaları hava limanında rəsmiləşdirilir: “Bugünkü təqdimat biznes, sağlamlıq və istirahət turizmi istiqamətlərini əhatə edir. 2016-cı il ərzində bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu sırada hər iki ölkənin turizm şirkətlərinin qarşılıqlı infoturu da daxildir".
"Holidaylink” şirkətinin beynəlxalq əlaqələr üzrə meneceri Maxim An qeyd edib ki, Azərbaycan Koreya şirkətləri üçün maraqlı və cəzbedici bazardır. Ötən il Azərbaycandan öz şirkətlərinin xətti ilə 50 nəfər turist qəbul etdiklərini deyən şirkət nümayəndəsi bundan sonra qarşılıqlı səfərlərin sayının daha da artacağına inandığını deyib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar