Nümayəndəliklərin hesabatları dinlənilib, müvafiq tapşırıqlar verilib
Aprelin 8-də Bakı Ekspo Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Körfəz ölkələri, Almaniya, Rusiya və Türkiyə üzrə turizm nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə öncə artıq üç ildir Körfəz ölkələri üzrə fəaliyyət göstərən “Atlantis Holidays” şirkəti və iki ildir Almaniyada Azərbaycanın turizm nümayəndəliyi funksiyasını yerinə yetirən “Aviareps” şirkətinin hesabatı dinlənilib. Hər iki nümayəndəliyin gələcəkdə görəcəyi işlər haqqında məlumat verilib.
Sonra bu il Rusiyada yaradılan “Tur A Vent” şirkətinin ötən iki ay ərzində gördüyü işlər və il ərzində təsdiq olunmuş tədbirlər planı haqqında məlumat diqqətə çatdırılıb. Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi olaraq yeni fəaliyyətə başlayan “Gateway” şirkətinin rəhbəri də görüləcək işlər haqqında çıxış edib.
Nazir Əbülfəs Qarayev çıxışı zamanı turizmin ölkə iqtisadiyyatının prioritet sahələrindən olduğunu vurğulayaraq zəruri turizm istiqamətləri barədə danışıb. Nazir hər bir turizm nümayəndəliyinə fəaliyyət göstərdikləri ölkələrdən turist cəlb olunması ilə bağlı tövsiyə və tapşırıqları diqqətə çatdırıb.
Eyni zamanda bildirilib ki, reklam işinin təşkili üzrə müxtəlif təqdimatların keçirilməsi və sosial mediada daha aktiv fəaliyyət göstərilməsi nümayəndəliklərin əsas vəzifələrindən biri olmalıdır. Həmçinin qeyd edilib ki, Azərbaycanda hər il keçirilən beynəlxalq mədəni proqramlar və festivallara turistlərin cəlb olunması vacibdir və bu istiqamətdə işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.