“AİTF-2016” sərgisi perspektiv üçün nə ilə yadda qaldı?
Xəbər verdiyimiz kimi, aprelin 7-dən 9-dək Bakıda 15-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (AİTF-2016) sərgisi keçirildi. Yubiley sərgisinə 29 ölkədən 300-dək şirkət qatılmışdı.
Sərgi günlərində işgüzar görüşlər (“workshop”) təşkil olundu, yerli və xarici iştirakçılar birbaşa ünsiyyət qurdular, danışıqlar apardılar. Bu görüşlərdən və ümumilikdə sərgidən perspektivdə ölkə turizminin təbliği, inkişafı, yeni əməkdaşlıq əlaqələrinin qurulması, ölkəmizə xarici turistlərin marağının cəlb olunması baxımından hansı nəticələri gözləmək olar?
“Millennium Tourism & Congress” şirkətinin və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin rəhbəri Ruslan Quliyev deyir ki, “AİTF-2016” bu sərginin coğrafiyasının ötən 15 ildə nə qədər genişləndiyini, turizm şirkətlərinin ölkəmizə diqqətinin artdığını bir daha sübut etdi: “Həm yerli turizm şirkətləri, həm də Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində Azərbaycanın daxili turizm potensialı geniş təqdim edildi. Builki sərgidə sağlamlıq turizmi ilə məşğul olan şirkətlər də fəal iştirak ediblər. Sərgidə həmçinin xarici ölkələrdə mövcud olan sağlamlıq müəssisələri də geniş təmsil olunurdu”.
Həmsöhbətim bildirir ki, sərgi çərçivəsində Bakıda fəaliyyət göstərən 20-dən artıq mehmanxanada iştirakçı ölkələrin və şirkətlərin nümayəndələri ilə işgüzar görüşlər, təqdimatlar keçirildi: “Belə təqdimatlardan biri Koreya Respublikasının tibbi turizm imkanlarına həsr olunmuşdu. Tədbirdə hər iki ölkənin turizm şirkətləri və hotellərinin nümayəndələrinin iştirakı ilə əlaqələrin inkişafı, qarşılıqlı turist səfərlərinin təşkili məsələləri müzakirə olundu. Bu istiqamətdə birgə layihələrin, qarşılıqlı infoturların keçirilməsi nəzərdə tutulur”.
Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də hotel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası da sərgidə fəal iştirak etdi. Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimovun bildirdiyinə görə, sərgi çərçivəsində bir sıra ölkələrlə, o cümlədən Türkiyə, Gürcüstan, İndoneziya, İspaniya, Sloveniya, İran və Rusiyanın turizm təmsilçiləri ilə əlaqələr müzakirə edildi, razılaşmalar əldə olundu: “Keçirilən görüşlərdə Bakı Bələdçi Xidməti (Baku Guide Servis) haqqında da ətraflı məlumat verdik. Bu xidmət vasitəsilə əksər dillərdə bələdçi xidməti həyata keçirilir. Yeni əlaqələrin qurulması nəticəsində ölkəmizə daha çox turistin gəlməsini təmin edə biləcəyik”.
M.Ağakərimov həmçinin qeyd etdi ki, ölkə regionlarının ənənəvi ekspozisiyalarının nümayişi, turizm marşrutları, xidmətlər, mədəniyyət və tarixi abidələr, bütövlükdə Azərbaycanın turizm potensialı haqqında aydın fikir formalaşdırıldı. Müsahibim onu da qeyd etdi ki, Təbriz şəhərinə və Türkiyənin Mərmərə bölgəsinə aşağı qiymətlərlə turist səfərlərinin həyata keçirilməsi üçün də danışıqlar davam etdirilir.
Fariz Hüseynov