Kluba yeni başqan seçilib
Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının ("Skal İnternational") Bakı klubunun 20-ci yubiley toplantısı keçirilib. Toplantı eyni zamanda kluba yeni başqanın seçilməsi ilə yadda qalıb.
Tədbirdə çıxış edən "Skal Bakı"nın rəhbəri, professor Cəfər Cəfərov ötən müddət ərzində görülən işlərdən söz açıb. Bildirib ki, MDB məkanında ilk dəfə olaraq Bakıda yaradılan qurum 7 il əvvəl fəaliyyətə başlayıb və bu müddətdə Azərbaycan turizminin inkişafı üçün xeyli işlər görüb. Qeyd olunub ki, skal turizm peşəkarlarının könüllü birliyidir və dostlar arasında biznes yaratmaq missiyası daşıyan bir təşkilatdır. Rəhbərlik etdiyi iki il ərzində klubun fəaliyyətindən danışan C.Cəfərov deyib ki, bu müddətdə qurumun iclasları, müxtəlif mövzularda təlim və treninqlər də daxil olmaqla, 20-dən çox tədbir keçirilib.
Toplantıda iştirak etmək məqsədilə Bakıya gələn "Skal Mərmərə" klubunun başqanı Zeynəb Yılmaz deyib ki, hazırda dünyanın 83 ölkəsində 381 skal klubu fəaliyyət göstərir. Bu təşkilatların 17 min üzvü var. Onun sözlərinə görə, Türkiyədə bu təşkilatın fəaliyyətinə çox böyük önəm verilir. Ölkədə 17 skal klubunun 1100 üzvü var. Üç skal klubunun da yaxın günlərdə yaradılması nəzərdə tutulur. Skalın fəaliyyətinə görə Türkiyə dünyada 4-cü yerdədir: “Məqsədimiz Türkiyə turizminə xidmət etməkdir. Ona görə də biz əvvəl bir-birimizlə, sonra isə beynəlxalq səviyyədə əlaqələr qururuq. Skal üzvləri dünyanın harasında olurlarsa-olsunlar, bir-birinə bir çox böyük güzəştlər edirlər".
Azərbaycanda bir çox layihələr həyata keçirəcəklərini deyən Z.Yılmaz bildirib ki, yaxın günlərdə Bakıda Türkiyə skalçılarının da iştirakı ilə geniş toplantı və müxtəlif vorkşoplar təşkil edəcəklər. O, birlikdə çalışmağın səmərəli olduğunu diqqətə çatdırıb.
Sonra "Skal Bakı" klubunun yeni başqanı seçilib. Bundan sonra kluba "Park İnn" hotelinin baş meneceri Əhməd Yaşıldağ rəhbərlik edəcək.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib ki, Azərbaycan turizminin daha geniş çevrədə təbliği və təşviqi üçün skal fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, türkiyəli turizm mütəxəssisinin kluba rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcəklərinə inandığını bildirib: "Əhməd Yaşıldağ Türkiyədə "Skal Mərmərə" klubunun fəal üzvlərindən olub. Bu sahədə zəngin təcrübəsi var. Ümid edirəm ki, klubumuzun daha effektli fəaliyyətinə nail olacaq".
Əhməd Yaşıldağ öz növbəsində bildirib ki, 20 ildir bu təşkilatın üzvüdür: "Skal üzvü olmaqla bir anda dünyadakı bütün skalçılarla yoldaş olursan. Azərbaycanda olduğum 3 il ərzində "Skal Bakı"nın 7-8 toplantısında iştirak etmişəm. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan turizm sahəsində inkişaf etmək üçün var qüvvəsi ilə çalışır. Biz də bu inkişafa öz töhfəmizi verməliyik. Bu yöndə artıq bir neçə planımız da var. Qəbələdə, Qubada, Naftalanda yaxın vaxtlarda skal klubları yaratmaq niyyətindəyik".
Sonra "Skal Mərmərə" klubu ilə "Skal Bakı" klubu tvinninq (qardaş) klublar elan edilməsi ilə bağlı sənəd imzalanıb. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.