Mingəçevir Mərkəzi Şəhər Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Prezident İlham Əliyevin 2012-ci il 3 aprel tarixli sərəncamına uyğun olaraq görkəmli şairin yubileyinin geniş şəkildə qeyd edildiyi vurğulanıb.
   Çıxışlarda həssas qəlbli şairin həyat və yaradıcılığından bəhs olunub. Bildirilib ki, el arasında “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu Natəvan incə ruhlu şair olmaqla yanaşı, dövrün görkəmli maarifçisi, ictimai xadimi, xeyriyyəçisi kimi tanınmış və ümumxalq məhəbbəti qazanmışdır. Şairin əsərləri dərin səmimiyyəti, lirizmi ilə seçilir. Onun yüksək sənətkarlıq nümunəsi olan şeirlərində təkrir, qoşma, rədif, məcaz və digər bədii vasitələr məharətlə işlənib. Sonda məktəblilər Xurşidbanu Natəvanın şeirlərini söyləyiblər.