“Qalaaltı” sanatoriyasına infotur təşkil olundu

Mayın 22-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və “Snerji Qroup”un birgə təşkilatçılığı ilə Şabran rayonundakı “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur keçirildi. İnfoturda ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vasitələrinin 100-dək təmsilçisi iştirak edirdi.

Məlumat üçün bildirək ki, “Qalaaltı” balneoloji mədən suyu 1969-cu ildə Şabran rayon mərkəzindən 20 kilometr məsafədə, Qalaaltı kəndinin yaxınlığında meşədə aşkar olunub. Burada suyun 7 mənbəyi müəyyən edilib.
Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən “Qalaaltı” sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Ötən ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə burada müasir standartlara cavab verən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı keçirilib. Kompleks Azərbaycanın qədim tarixi mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir.
Qalaaltı suyu böyrək daşı xəstəliyinin müalicəsində müxtəlif formalarda istifadə olunur. Yerli sakinlər müalicə əhəmiyyətli bu suya “Naftsu”, yəni “neftli su” deyirlər. Qalaaltı suyu kiçik daşların və kristalların böyrəklərdən, öd kisəsindən, sidik və öd yollarından çıxmasını sürətləndirir, daşların təkrar yaranmasının qarşısını alır. Eyni zamanda immunoloji təsirinə görə orqanizmin müdafiə gücünü bərpa edir.

Gözəl şərait, müasir xidmət

İnfotur iştirakçılarının komplekslə qısa tanışlığından sonra dəyirmi masa keçirildi. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxış edərək bildirdi ki, ölkəmizdə sağlamlıq turizmi ilə geniş imkanlar və ənənələr mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemlər tətbiqi ilə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Son illər turizm təşkilatları və media qurumları arasında yaranan sıx əlaqələr bu tanıtıma öz töhfəsini verir.
Assosiasiya sədri onu da qeyd etdi ki, ölkəmizdə sağlamlıq turizminin mirvarisi sayılan “Qalaaltı” kurortu bu yaxınlarda Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü seçilib: “Aprel ayında Çexiyanın Karlovı-Varı kurort şəhərində “Qalaaltı” sanatoriyasının geniş təqdimatı keçirildi. Ölkəmizdəki sağlamlıq və istirahət mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarının tanıdılmasına və bura turist axınına müsbət təsir göstərəcək. Sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən əsas üstünlük onun ilboyu davam etməsidir. Bu da sağlamlıq turizmindən gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir”.
Ruslan Quliyev ölkəmizdə turizm sənayesinin daha da inkişaf etdirilməsi, rəqabətədavamlı turizm sisteminin qurulması məqsədilə turizm haqqında yeni qanunun qəbul olunacağını da diqqətə çatdırdı.
Müalicə-istirahət kompleksinin direktoru Turqay Arı bildirdi ki, Qalaaltı suyu və Naftalan nefti dünyada unikal müalicəvi məhsul kimi tanınır. Qalaaltı suyu tərkibinə görə Ukraynadakı Truskavets suyu ilə demək olar ki, eynidir, hətta ondan bir sıra üstünlüklərinə görə fərqlənir: “Uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi xeyli tükənib. Hər il minlərlə insan bu su ilə müalicə olunmaq istəyir. Biz də düşündük ki, bu insanların bir qismini Azərbaycana cəlb edək. Son illər ölkədə turizm sahəsinin inkişafı ilə bağlı təqdirəlayiq işlər görülüb. Mən uzun müddət bu sahədə çalışan bir mütəxəssis kimi əminliklə deyə bilərəm ki, Azərbaycanda turizm Türkiyədəkindən daha sürətli inkişaf edir”.
Direktor həmkarlar təşkilatları ilə də əməkdaşlıq etdiklərini vurğuladı. Bildirdi ki, sanatoriyada müalicə ilə yanaşı, gözəl istirahət də mümkündür. O, iştirakçılara sanatoriyadakı imkanlar, qiymətlər və tətbiq edilən güzəştlər barədə ətraflı məlumat verdi.
Sanatoriyada fəaliyyət göstərən tibb mərkəzinin baş həkimi Vahid Vəliyev burada aparılan müalicə metodları haqqında danışdı. Bildirdi ki, kompleksdə yerləşən tibb mərkəzi müasir avadanlıqlarla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Mərkəzdə uroloji xidmətlər də göstərilir. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları insanların xidmətindədir. Burada qanın analizi, kardioqram, ultrasəs müayinəsi, stomatoloji və rentgen müayinələri məcburidir.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Sərxan Rəsulov ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün həyata keçirilən layihələrdən danışdı. Qeyd etdi ki, son illərdə bu istiqamətdə reallaşdırılan tədbirlər nəticəsində ölkəmizin turizm sənayesi özünün yeni inkişaf dövrünə qədəm qoyub.
Mayın 23-də başa çatan infotur media nümayəndələrində zəngin təəssürat yaratdı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar