Əlbəttə, Nəsimi! Bir qızılı payız günü əbədi poeziya baharı kimi doğulmuş Seyid Əli İmadəddin Nəsimi...
   Öz zamanında Şərqin, sonrakı zamanlarda bütün dünyanın və əbədən Azərbaycanın böyük mütəfəkkir şairi. Allahın yaratdığı dilsiz və dilli canlılardan ikincisinin ən ali bəyandarlarından biri. Və dünyəvi əxlaq-əqidəsinə görə, elə həmin ikincilərin nadan nümayəndələri tərəfindən birincilərin kəsilib-soyulma aqibətinə düçar edilmiş hələlik iki məşhuri-cahan dillidən (Həllac Mənsur) sonuncusu...

   
   Araşdırmaçılar yazırlar ki, Nəsiminin həyatı haqda geniş məlumat yoxdur. Bu “məlumatsızlıq” haqdakı məlumat doğrudur, həqiqətdir. Lakin bu da bir həqiqət deyilmi ki, Nəsimi adı, barələrində cüng-cüng, kitab-kitab, arxiv-arxiv mənbə-məlumatlar olan minlərlə ədibdən daha çox fikir, assosiativ duyğular oyadır? Amma elə tədqiqatçılar da var ki, bu ecazkar “laməkan”ın “Dünya duracaq yer degil, ey can, səfər eylə!” kimi poetik manifestlər karvanının ardınca düşüb, ali qəlb saraylarından savay heç bir karvansarada mənzillənməyən bu hikmətlər sarbanının məhz harada doğulması “elm”inin peşindədirlər. Şamaxıdamı, Təbrizdəmi, Bursada, Bakıda, Diyarbəkirdə və hətta (!) Şirazdamı?! Əcəba, artıq, hər birimizin gözündə hər yerdən “böyük” öz kəndimiz, qəsəbə və şəhərimizdən balaca formatda təqdim edilən dünyaya - bəşər evinə məxsus Şekspirin, Leonardonun, Tolstoyun, Mirzə Cəlilin, Üzeyir bəyin harada doğulmaları onların sənət doğuşları ilə müqayisədə nəymiş ki? Bu yetməzmi ki, çox-çox ölkələr gəzib, növbənöv libaslar geyib, neçə-neçə dillərə yiyələnmiş, “sərpa soyulanda” belə ağlamamış bu “gerçək aşiq” sənin ana dilində deyir: “Ağlamayım neyləyim, çün gövdədən can ayrılır!”?..
   
   O “can”...
   
   O “can” onun öz canı - Hələb meydanındakı dar ağacı altında dərisindən edilmişi deyildi. O “can” Nizamidən tanıdığımız “sevgili canan”, “afəti dövran”, “ruhi rəvan”lardan idi. Sonralar Füzulinin fəryad edəcəyi “hər kəs ki verməz canın cananına”, “can vermə eşqə ki...”, “afəti can” hadisələrinin hərəkətverici “mühərrik”i idi. Bu hadisələr şairin könül kainatında cərəyan edirdi. Onun şimşək qələmi də həmin kainatdakı vaqeələrin bir parasını bizə bəyan edirdi. Özü də əyani-bəyanicə surətdə. Özündən sonrakı və xüsusən bizim çağlardakı “Gedin deyin xan çobana”, “Badi-səba, söylə ol gülüzarə”, “deyin hardadır...” formalarında yox, - qəlb odasındakı Gözələ birbaşa xitabla. “Ey sənəm, hicran əlində naleyi-zar eylərəm, Gözlərimdən sanasan dəryayi-ümman ayrılır!”
   Tanrı kainatındakı Həqiqətin, öz könül kainatındakı Gözəlin və irfan aləmindəki Hikmətin müştaqı olan Nəsimi bəşər cəmiyyətinin çoxluq təşkil edən əks qütbü tərəfindən yola verilmirdi. Əslində bu, heç mümkün olan məsələ deyildi. Əgər hamı onun dahiyanə, fəlsəfi “sığmazam”ının daşıyıcısı olsaydı, bu dünya çox şey itirməzdimi? Lap elə neqativlərini götürək; “fani” adını qazana, “beşgünlük” ayamasına yiyələnə, hər gələn baxar gedər “pəncərə”sinə bənzədilə bilərdimi? Hamımız gözümüzü açcaq - qəflətən insanlığın bu ən uca zirvəsinə çıxmalı, istedad axarlarından yaranan hikmət ümmanına düşməli olsaydıq, neylərdik? Yenilik, qeyri-adilik umularımızı necə doyurar, cantitrədici, tükqabardıcı umacaqlarımızı, məna-mətləb tələbatlarımızı nə tövr ödəyərdik? Bu dünyadan “Canını qurban edənlər yar için gerçək şəhid, Səd həzəran rəhmət olsun ol şəhidin canına” kimi duaları eşitmədənmi, alnına “dünya malından heç nə apara bilməmək” “maddə”si də yazılmış bizlər onun sığa bilmədiyi növbəti dünyaya könül malındanmı da xali köçməliydik?..
   Yox, oxucu əfəndim! Bu məsələnin rəmzi-təcəllası bu ki, yaxşılar yamanlara nisbətdə qiymətləndirilirlər. Könül hərflərindən fikir tabloları yaratmış bu hürufi Kişinin inqilabi düşüncələri, onun müasirlərindən birinin (və əlbəttə, birincisinin) - Füzulinin “Neylərəm ol vəsli ki, - sonunda hicran görünür” kimi bənzərsiz ədəbi (və əbədi) memarlıq nümunələri olmasaydı, bu dünya “Süleymana qalmaz”lıqdan da aşağı dəyərə düşməzdimi?
   Güman ki, bu an könlünüz şair-şeiriyyətin əzəli olan bir qəzəl istər:
   
   Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,
   Aqili divanə qıldı aqibət sevdayi-eşq.
   
   Eşqə düşənlər bilir həm yenə eşqin qədrini,
   Ol aşiq aşiqmidir kim, olmadı rüsvayi-eşq.
   
   Eşq içində dinü dildən gəl keç imdi, ey fəqih,
   Şeyxi Sən’an kimi ol gəl sən dəxi tərsayi-eşq?!
   
   Kim ki, istər dilbərinin xəlvətinə yol bula,
   Can fəda qılmaq gərəkdir min kərə dər payi-eşq.
   
   Sevgilimin sevgisindən özgə sığmaz könlümə,
   Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi-eşq.
   
   Aşiqi-canan olubsan, ey Nəsimi, sən bu gün
   Könlünü aldurdun, oldun axərin yəğmayi-eşq.
   
   Ayağından çox qələmiylə gedib dünyanın o başına - “Allahu-Əkbər”in qurtardığı məkanlardan da o yanlara çıxan bu “ənəl-həqq!” coğrafi mənada hardan və mənəvi anlamda -
   
   Necə gəlirdi...
   
   Bir tufan timsalında, qasırğa, doqquzuncu bal (hətta təxəllüsüylə qafiyələnən sunami) halında gəlişən bu Söz və Əqidə divi, yazımın əvvəlində çəmləyib-cəmləyib rəmzləşdirdiyim utopik-toponomik bir ünvandan - Həqiqətstandan qopub qədəmlənmişdi. Götürdüyü yolda elə azman addımlayıb, elə sürətlə irəliləyib, elə məqam-mənzilə çatmışdı ki, öz aləmində “kövnü-məkan”a da sığmayan bu Şirvani-şamaxılı cismi, bu dahi ismi sonralar təbrizli-bursalı-bakılı-diyarbəkirli-şirazlılaşdırmağa cəhd etmişlər. Amma ki...
   Yəni bir halda ki, onun atasının adı bəlli, Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən biri kimi “yeri məlum”dur, biz, onu “mənimsəyib-səninsəmək” uğrunda özlərinə izafi zəhmət verənlərin əksinə olaraq, özümüzə nədən bir-iki abzaslıq başqatqısı qıymalıyıq, əzəmətli Nəsimi babanın hörmətli oxucu- varisləri?! Yaxşısı budur, həyəcansız, güman-ehtimalsız şəkildə bəhs açaq ki, onun atasının Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən biri olduğu bütün elmi-ədəbi-statistik ictimaiyyətə məlumdur. Olsa-olsa, bir az eyforiya ilə söyləyək ki, o dövrün Şamaxısı bütün Şərqdə barmaqla (və hörmətlə) sayılan mədəniyyət mərkəzlərindən olub. Burada adlı-sanlı müəllimlərin fəaliyyət göstərdiyi neçə-neçə məktəb, zəngin ictimai və şəxsi kitabxanalar vardı. Səs-soraqları ölkə ucqarlarını ötüb əcnəbi məmləkətlərə də yayılmış sənət, incəsənət, şeir-musiqi məclisləri fəaliyyət göstərirdi. Hələ paytaxt Şamaxıdan xeyli aralıda (Məlhəmdə) Xaqaninin əmisi - məşhur alim və həkim Kafiəddinin yaratdığı Dar-üş-şəfa adlı tibb akademiyası!..
   Bəli, bu gün, bu vaxtlar bugünkü Şamaxıya - təbii-siyasi zəlzələ-vəlvələlərdən, paytaxtlıq baxt-taxtından düşməsindən (növbəti dahilərindən birinin “Allahı sevərsiz, a şirvanlılar!” kimi “işarət”lərindən) sonrakı “rayon”a nisbət-nəzərlə baxıb, zamanların Nəsimi “sunami”sinə təəccüblənməməli. Bugünkü paytaxtımızdan birgünlük at-dəvə mənzili ucqarlığında doğulan Seyid İmadəddin Əbu Səid Hüseynin (əsl adının Əli, Ömər olduğunu qeyd edən mənbələr də var) Diyarbəkirdə yazlaması, neçə-neçə məmləkətdə yaylaması və nəhayət, əqidə dahisinə də çevrilib Hələbdə dünyəvi Nəsimi kimi qışlaması (və gələcəyin UNESCO şöhrətlisi olaraq yenidən baharlaması!) kimi dünyadaş-vətəndaşlığının fərqinə varmalı.
   Hələ onun elmi-nəzəri aləmə gün kimi aydın sima olan mürşidi Fəzlullah Nəimi ilə faktik mənbələrlə təsdiq edilmiş irfani və təriqət müştərəkliyi! Yaradıcılığındakı bir çox nümunələrin ədəbi-bədii təbiəti, xəlqi xisləti də bu ədibin dünya bar-bəhrəli qələminin məhz Şirvanın “söz torpağından” rişələndiyini ehtiva edir. Həmin nümunələr başqa mətləblərdən də xəbər verir. Bu nüanslar söyləyir ki, əgər İmadəddin Şamaxıda mədəni-mənəvi universitet tələbəsi, akademiya məzunu, elmi aləm mütəfəkkiri dərəcəsində kamil təhsil almasaydı, klassik Şərq, qədim yunan fəlsəfəsi və ədəbiyyatına, dinlərin əsaslarına, bir çox elmlərə (tibb, astronomiya, riyaziyyat, astrologiya...) dərindən yiyələnməsəydi, özünü dünyaya məlum Nəsimi kimi təqdim edə bilməzdi. Və... qədim günlərin birində, bu gün qırğınlar yaşayan Suriyanın balaca bir meydanında bioloji örtüyündən olub, sonrakı yüzilliklərdə sevgi və hikmət zər-zibalı filoloji libaslara qərq edilməzdi ki, onlardan biri belə: “O, hürufilərin şeyxi idi. Hələbdə tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi. Boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.” (İbn əl-İmad Hənbəli).
   
   Üç dildə, saysız “dilü-gözdə”...
   
   Özüm belə “çətin” yazdım ki, onun “Bu, quş dilidir - bunu Süleyman bilir ancaq” misrasını da xatırlayasız.
   Hə, Nəsimi o vaxtlar üç dildə yazıb, bu vaxtlar isə dünyanın təxminən, üç yüz dil-gözüylə oxunub-oxşanmaqdadır. Ərəb-farsı da öz dili kimi mənimsəmiş Nəsimi düşüncələrinin fikir bəyanı bazarında xırıd edilməyən matahı qalmayıb, məncə. Və yəqin, ana dilimizdə yazdıqlarıyla bizlərə necə xoşbaxt anlar yaşadırsa, əcnəbiləri - bütün ərəb-əcəmləri də eləcə xoşnud edir. “Yəqin” deyəndə ki, bu xüsusda az yazılar, məlumatlar oxumamışıq. Ana dilimizin daha çox şəhd-şəkər dadı verən (az-az işlədilməsi səbəbindən) sözlərinin də işləndiyi “qeyri”-məşhur qəzəlindən ixtisarla verdiyim aşağıdakı gözəl misralar bu məqamda daha özəl səslənir:
   
   Başını top eyləgil, gir vəhdətin meydanına,
   Ey könül, müştaq isən gər zülfünün çövkanına.
   
   Çəkməyən eşqin bəlasın, görməyən hicrin qəmin,
   Dərdi dərmansızdır anın, çarə yox dərmanına.
   
   Canını qurban edəndir yar içün gerçək şəhid,
   Səd həzaran rəhmət olsun ol şəhidin canına.
   
   Gəl niqabın tərfini gülgün yanağından götür,
   Ta gülüstan gülməsin ayruq güli-xəndanına.
   
   Kirpiyin navək oxudur, qaşların çaçi kəman,
   Uğramaz aşiqdən özgə şol oxun peykanına.
   
   Ey Nəsimi, gər sözün mə’nisi bipayan deyil,
   Neçin irməz kimsənin fikri onun payanına.
   
   Yəqin bu qəzəlin bəzi misralarına və ifadələrinə “Allah-Allah!” - deyə heyrətlənənlər də oldu. Amma bunları təkrar-təkrar oxuyanlardan biri olaraq, bu an mən Allahı tamam başqa bir duyğu ilə xatırladım. Belə ki, deyirəm bəlkə Nəsimini Ona asiliyinə görə yox, Onu daha dərindən tanıyıb-sevdiyinə görə edam ediblər (ki, birdən müsəlmanlar haçansa, onu dara çəkən Hələb “mömin”ləri qarşısında belə bir tələb qoyarlar: “Allaha “ənəl-həqq” kimi biət edin, yoxsa!..”).
   
   Tahir Abbaslı