İtaliyanın “FEM” jurnalında jurnalist Lukretsiya Ferrantenin “Bakı - gözləmədiyin Şərq, sürprizlərlə zəngin şəhər” adlı məqaləsi dərc edilib. Məqalədə müəllif ölkəmiz, onun mədəniyyəti, mətbəxi, yerləşdiyi coğrafiya, tarixi, iqtisadi inkişafı və potensialı barədə məlumat verir, Bakının və ümumiyyətlə, Azərbaycanın turizm imkanlarından bəhs edir. Ölkədə yaradılmış turizm infrastrukturu, birinci Avropa Oyunları və Milan EXPO-dakı pavilyonumuzun yüksək səviyyədə təşkil olunduğu vurğulanır və yaxın günlərdə “Formula 1” Avropa Qran-prisinin paytaxtımızda keçirilməsinin növbəti əlamətdar hadisə olacağı qeyd edilir.
Məqalədə ölkəmizin regionlarının turizm imkanlarına da yer verən müəllif italiyalı turistlərə “Şahdağ” və “Tufandağ” dağ-xizək kompleksləri, Qubada, Qəbələdə, Gəncədə və Şəkidə yaradılmış turizm infrastrukturu və imkanları barədə məlumat verir, bu yerləri ziyarət etməyi tövsiyə edir.